Bakı şəhidlərlə vidalaşır

“Azərbaycan gəncləri” qəzeti - 30 yanvar 1990 cı il,  № 9,  S. 2-4

İkinci cahan savaşında küçəsində, meydanında bircə güllə atılmayan Bakının divarları güllələrdən deşik-deşik olmuşdur,

O gecə, yanvarın 19-dan 20-nə keçən gecə saat 24 - 01 radələrində laydivar, şəkil oğlanlarımızın Vətən eşqi ilə alışıb yanan sinələri tankların, avtomatların soyuq lülələrinə dirəndi. O gecə - yurdumuzun yenilməz başına özü boyda qara yaylıq bağlayan gecə idi. Anaları, ataları, qardaşları, bacıları ağladan gecəydi o gecə!

O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı.

Nənələrimiz müqəddəs yaylıqlarının ucuyla göz yaşlarını qurudub günahsız qana bais olanlara qarğış yağdırırdılar. Göy üzündən Allah baxmırdımı?

Say-seçmə, boylu-buxunlu, təpərli, qeyrətli oğlanlar... Kim nə deyir desin, ölüm azadlıq eşqindən çox-çox aşağıdır. Ölüm heç nədir. Çünki ölmədən dirilmək, ölmədən yaşamaq mümkün deyil. Çünki haqq işi üçün tökülən qan yerdə qalmır.

Onlar az yaşadılar. Az ömürlərində şəhid bədənləri ilə ötüb gələn nəsillər üçün elə rahat, elə hamar yol saldılar ki, xalq bir gecənin içində minillik yol qət etdi. İndi dünyaya meydan oxuyan ən qüdrətli məmləkətlərdən də irəliyik. Çünki Vətən uğrunda canından keçməyi bacaran oğullarımız var.

* * *

 

Bazar ertəsi. Yanvarın 22-si. Bakı yas içindədir. Bu gün iki milyonluq bir şəhərdə bir gülümsər üz görmək mümkün deyil. Azadlıq və həqiqət meydanı qəm, dərd əlindən çat verir. Yüz illər boyu qızların, oğlanların qəmsiz-qüssəsiz qalxdığı Qız qalasının — ismət, namus qalasının köksünə qara bayraq sancılıb. Qız qalası özü boyda daş olub ədalətsizliyin, namərdliyin təpəsinə düşmək istəyir. Qız qalası üz cırır, yaxa yırtır. Neçə-neçə şəhid cənazəsi onun müqəddəs göz yaşlarına bürünür. Bu göz yaşları şəhid yaralarına məlhəm ola bilmir

* * *

...Cənazələrin arxasınca gedən qız-gəlinin, ana-bacıların başları üstündəki al-qırmızı örtüklü xonçalar da izdiham dənizinə qarışıb. Nə dəhşətli səhnə, nə müdhiş faciə...

Toy örtüklü cənazələrin arxasınca şəhidlərin ata-anaları, qohum-əqrəbaları, qonşuları axışırlar. İzdiham dənizi içində cənazəli insan seli. Hər cənazənin içində çinar boylu şəhid, fidan boylu körpə...

Azərneft meydanından qalxan və metro stansiyası tərəfdən gələn yollarda hüznlü insan dənizi təlatümdədir. Yol kənarındakı binaların eyvanlarından, elektrik dirəklərindən, ağaclardan qara bayraqlar asılıb. Küçələrə çıxmağa imkanı olmayan qocalar və xəstələr eyvanlarda inildəyir, göz yaşları axıdırlar. Filarmoniya ilə üzbəüz ağ mərmər binanın qarşısındakı tribuna və pillələrdə, hasarların üstündə, yaxınlıqdakı alçaq binaların damlarında yaxasına qara lent bağlamış, əllərində gül dəstəsi və qara bayraqlar tutmuş yüz minlərlə adam dayanıb. Binaların, qırmızı mərmərli tribunanın divarlarında, əllərdəki transparant və plakatlarda dəhşətli insan qırğınını, insan qəssablığını lənətləyən, xalqımızın başına gətirilmiş misilsiz dəhşətin ssenariçilərini ifşa edən sözlər yazılmış, şəkillər çəkilmişdir.

İnsan dənizi, sonsuz kədər, hədsiz nifrət içərisində matəm dəstəsinin gəlib keçməsimi gözləyir. Saat 13.35-də Azərneft meydanı tərəfdə qara haşiyəli qırmızı örpəklə örtülmüş ilk cənazə görünür. Ürək dağlayan nidalar, anaların, bacıların fəryadı göyə yüksəlir. Sonra ikinci, üçüncü, dördüncü... Matəm izdihamı ağır-ağır yuxarı qalxır. Yol boyu düzülmüş gözüyaşlı analar, bacılar, papaqlarını çıxarıb başını şax tutmuş atalar, oğullar əllərindəki gül dəstələrini xalqımızın iki ildən bəri davam edən haqq işi —Azərbaycanın suverenliyi və torpaqlarının bütövlüyü uğrunda mübarizədə qurban getmiş, şəhidlərin cənazələri üstünə, irəliləyən izdihamın ayaqları altına atırlar.

Əllərdə şəhidlərin şəkilləri tutulub. Gülümsər çöhrəli gənc, saçları gözünün üstünə tökülmüş yeniyetmə, təmkinli ağsaqqal, milis nəfəri... Nisbətən kiçik bir cənazə yaxınlaşır. Rəngli fotoda 7-8 yaşlarında məsum bir uşaq hələ də gülür. Günahsız uşağın qətlə yetirilməsi... Bu kiçik tabutu görən anaların, bacıların bir çoxu tab gətirməyib özündən gedir. Yolların kənarından gül yağışı davam edir. Hər yerdə izdiham ehtiramla matəm dəstəsinə yol açır. Filarmoniyanın tinində meydana toplaşmış yüz minlərlə adam cənazələri köz yaşları içərisində qarşılayır. Matəm dəstəsi meydandan sola burulub binaların arası ilə Dağüstü parka tərəf qalxır. Uzanıb gedən nəhəng insan dənizinin içərisində hər 10-15 metrdən bir çiyinlər üstündə gətirilən şəhidlərin al görkəmli cənazələri ana yurdun bağrında açılmış qanlı yaralar kimi közərir. Cənazələrin bu yerdən ötüb keçməsi xeyli çəkir. Parka tərəf qalxan yurddaşlarımızın ləngərli, hüznlü axını bitib-tükənmir.

Bakı göz yaşları tökür. «Haqq mənəm» — dediyinə görə dabanından soyulan Nəsiminin qədəmində milyon-milyon qərənfillər qızarır.

Xəzər sahilində qərar tutmuş Nizami cəngavəri Bəhram-Gur həmişəkindən daha qəzəb və nifrətlə boğazından yapışdığı əjdahanı son qətlə yetirmək istəyir. Bəlkə bu şəhidlərin könül dağlayan cənazələri də, bu milyon-milyon insan axını da əjdaha ilə üzbəüz olan Bəhram-Gura kömək üçün tələsir. Yoxsa əziz, doğma adamları dəfn etməyə belə tələsməzlər. hamı birləşməyə axır, birləşməyə, birləşməyə. And içib birləşməyə.

Dinclik, əmin-amanlıq sevən, qonşunun toyuğuna belə kiş deməyən xalqı bu gün qan yaddaşı birləşdirir. Xəstəxanalarda oğullarımız, qocalar, qadınlar həkimlərə yalvarır: «Həkim, qurban olum, yaralıya mənim qanımı vurun». Azadlıq eşqi qandan-qana keçir. Bütün Azərbaycan bu gün qan qardaşıdır.

* * *

Bakının Dağüstü parkı da heç vaxt belə insan axını görməyib. Onun nəinki giriş və çıxış yolları, saysız-hesabsız pilləkənləri və ətrafındakı binaların damları, hətta ağaclarının budaqları da adamla doludur. Bu istirahət guşəsi faşist gülləsindən qətlə yetirilən qəhrəman eloğlumuz Həzi Aslanovun dəfnindən bəri ilk dəfədir ki, ağuşuna gələnlərin üzlərində təbəssüm əvəzinə kədər, baxışlarında sevinc yerinə acı göz yaşları, əllərində al-qırmızı transparantlar əvəzinə qara bayraqlar görür, dillərindən şən nəğmələr deyil, tük-ürpədən ağı eşidir, Əvvəlcədən qərara alındığı kimi, xalqımızın öz suveren hüquqları uğrunda şəhid olmuş oğul və qızları burada torpağa tapşırılacaqlar.

Saat ikiyə on beş dəqiqə qalmış çiyinlərində cənazələr gətirən izdiham parka yaxınlaşır. Adamlar əllərindəki tər gülləri cənazələrin üzərinə qoyurlar. Ana və bacıların daha da gurlaşan fəryadı təzədən gəmilərin fit səsinə qarışır.

Ana Vətənə, İnsanlığa, Azadlığa atılan güllələrin qəzəbini ürəklərində soyudan şəhidləri torpağa tapşırırıq, Ağı deyən anaların, qız-gəlinin göz yaşları sinələri yandırır. Altı ay, çəmi altıca ay bundan qabaq toyları olan iki gəncin — İlhamın və Fəridənin tabutu torpağa gömüləndə fəryad səsləri göylərə bülənd olur. Namərd qülləsinə tuş olan sevgilisinin dərdinə dözə bilməyən Fəridə özünə qəsd edib. Qeyrət və namus qoşa dəfn olunur.

* * *

Bakı bir qanlı bayraq kimi öz şəhid oğullarını başı üzərinə qaldırdı. İndi bizim bir ağızdan and içməyə müqəddəs türbəmiz var. İndi bizim and içməyə müqəddəs bayrağımız var. .

Ağlamayın, qardaşlar, bacılar, analar, atalar. Belə oğulları olan xalq ağlamaz. Əlinizdəki milyon-milyon qərənfili şəhid qəbirlərinin üstünə səpin. Qoy dünya görsün ki, bizim əlimizdəki güllə deyil, güldür.