“Azərbaycan gəncləri”. - 1990. – 30 yanvar. - № 9 - S. 3.
Azərbaycan İnformasiya Agentliyinin müxbiri Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə aşağıdakı sualla müraciət etmişdir:
— Məlumdur ki, Siz Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M. S. Qorbaçova müraciət məktubu yazmış, onun sürətini BMT-nin baş katibi Peres de Kuelyara, dünya hökumətlərinin və dinlərinin başçılarına göndərmisiniz. Bu məktubda Siz deyəsən, xalqın böyük kədərini, ağır dərdini, müsibətini ifada etmisiniz, eləmi?
— Bəli, mən hansı sözləri işlədirəmsə işlədim, Azərbaycan xalqının bütün kədərini, milyonlarla ürəkdə həmişəlik iz qoymuş intəhasız dərdi ifadə edə bilməyəcəyəm. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklər ağlasığmazdır. Şəhərin küçələri yüzlərlə günahsız adamın, o cümlədən uşaqların, qadınların, qocaların al qanına boyanmışdır. Bu qanlı qırğına. bu dəhşətli cinayətə haqq qazandırmaq heç cür mümkün deyil.
Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan fitnəkar ittihamları bu xalq hiddət və nifrətlə rədd edir. Həmin ittihamlardan biri Sovet dövlətinin varlığı üçün təhlükə kimi qələmə verilən üzdən-iraq «islam amili»dir.
Bununla əlaqədar olaraq mən aşağıdakıları demək istəyirəm. Dinə, o cümlədən islam dininə mənsub olmaq günah sayılan şovinizmə və milli müstəsnalığa qarşı çıxmaq deməkdir. Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab etmişlər və hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq. Məhz buna görə də sabitliyi guya «islam amilinin» pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət - müsəlmanları xristianlara qarşı qoymaq niyyəti güdürlər və belə bir vəziyyət millətlərarası münaqişəni daha da şiddətləndirərdi
Bakıda atəşlər canlı adamların ürəklərinə açılmışdır.
Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz.
Qadir Allaha dua edirəm ki, günahsız qurbanların cənnətməkan ruhunu həmişə şad eləsin, qətillərin, onların təşkilatçılarının və ilhamçılarının ən ağır cəzasını versin.
Qoy Allah-təala mərhəmətini bizlərdən əsirgəməsin! Amin!