“Kommunist”. - 1990. – 3 fevral. - № 22 - S. 1.
Yanvar hadisələrini təhqiq edən müstəqil deputat komissiyasının üzvü, SSRİ xalq deputatı Adilə NAMAZOVA ilə müsahibə
Bakı faciəsinin — yanvarın 19-dan 20-nə keçən o məşum gecənin üstündən düz iki həftə adlayıb. Saatları, günləri ölüm və qəm yüklü iki həftə... Xalq özünün günahsız oğul-qızlarını qara torpağa tapşırdı. Güllə yarası almış neçə-neçə insan günü bu gün də həyatla ölüm arasında çarpışır.
İtkin düşmüşlər... Qanlı yanvardan miras qalan daha bir müdhiş kəlmə. Ana, bacı dilindən qopan fəryadlar tük ürpədir: «Bala, hardasan?! Qardaş, hardasan?!».
Öz itiklərini nə ölənlər, nə də yaralılar arasında tapan ata-anaların, qohum-əqrəbanın keçirdiyi həyəcanları, əzabları təsəvvür etmək çətin deyil. SSRİ xalq deputatlarının bir qrupundan təşkil olunmuş müstəqil deputat komissiyasının əsas məqsədlərindən biri də yanvar hadisələri zamanı itkin düşmüş adamların taleyini müəyyənləşdirməkdir.
Həmsöhbətimiz müstəqil deputat komissiyasının üzvü, SSRİ xalq deputatı Adilə NAMAZOVADIR.
— Xalqımız öz tarixinin çox çətin günlərini yaşayır, itkimiz böyükdür, - deyə A. Namazova söhbətə başlayır. — Bu, təkcə ayrı-ayrı adamların yox, millətin kədəridir, əbədi kədərdir. Baş vermiş hadisələrin araşdırılması, günahsız qanların baislərinin üzə çıxarılması ilə nüfuzlu komissiyalar məşğuldur. Lakin diriləri də unutmaq olmaz. Odur ki, biz ilk növbədə öldüsü, qaldısı bəlli olmayan adamların başına nə iş gəldiyini aşkara çıxarmaq istəyirik. Müstəqil deputat komissiyasına məndən savayı bir neçə SSRİ xalq deputatı - Kosmik Tədqiqatlar Elm-İstehsal Birliyinin baş direktoru Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin operatoru Sara Vəzirova, Bakı radio zavodunun mühəndisi Oqtay Əhmədov, S. M. Kirov adına maşınqayırma zavodunun sazlayıcısı Məzahir Hacıyev daxildirlər.
— Axtarışlar neçə gedir? Onun konkret nəticələrindən danışmaq olarmı?
— Həbs olunanların bir qisminin şəhərdəki istintaq izolyatorlarında saxlandığı barədə məlumat almışdıq. SSRİ Daxili İşlər Nazirliyinin idarə rəisi V. Maksimovun və Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini V. Barannikovun müşayiəti ilə Şüvəlana yollandıq. Orada isə SSRİ Daxili İşlər Nazirliyinİn həmin məsələlərə rəhbərlik edən şöbə müdiri V. Vikulovla görüşüb söhbət etdik. Kameraları bir-bir gəzdik. Burada hadisələr zamanı tutulmuş 100-ə yaxın adamın saxlanıldığı aşkar oldu. Sən demə, bu haqda onların valideynlərinə və ya qohumlarına heç bir məlumat verilməyibmiş. Hamısının ünvanını, telefon nömrələrini yazıb götürmüşük. Evlərinə teleqram vurur, zəng edirik...
— Təsəvvür edirik, bu xəbərlər neçə qarşılanır.
— Naxçıvanlı bir ana ilə telefon söhbətini unuda bilmirəm, Oğlunun sağ-salamat olduğunu biləndə dili tutuldu. Handan-hana özünə gəlib: yasını saxlayırdıq, — dedi. Bu səhər isə Neftçaladan Rəfail İmanovun anası Böyükxanım zəng vurmuşdu. Zavallı qadın heç cür inana bilmirdi ki, oğlu salamatdır.
Onların övladlar nə dərəcədə müqəssir olduqlarını indidən söyləmək mümkün deyil. Bu, istintaq, yaxud məhkəmə zamanı aydınlaşacaq. Bizi düşündürən insan taleyinə hədsiz biganəlikdir. Heç olmasa qohumlarına məlumat veriləydi.
Fövqəladə vəziyyət zamanı tutulanlar qatı cinayətkarlarla bir yerdə saxlanılırdı. Bədənlərində onlara qarşı zorakılıq edildiyini göstərən qançırlar vardı. Aşkara çıxan qanunsuzluq və özbaşınalıqlarla əlaqədar SSRİ baş prokurorunun müavini İ. Abramova və SSRİ daxili işlər naziri V. Bakatinə qəti etirazımızı bildirdik. İndi bu məsələlər nəzarətə götürülmüş, tutulanların hüquqlarının pozulmayacağına söz, verilmişdir.
Əldə edilmiş bir məlumatdan aydın olmuşdur ki, tutulanlardan 77 nəfəri respublikanın hüdudlarından kənara göndərilib. Deputat sorğusu ilə SSRİ daxili işlər naziri V. Bakatinə müraciət etmişik. O, hamin əməliyyatı dayandıracağına boyun olub. Saxlanılmaq üçün başqa yerlərə aparılanların tezliklə respublikaya qaytarılması haqqında da məsələ qaldırmışıq.
— Komissiyaya yanvar hadisələri ilə əlaqədar daha nələr məlumdur? Məsələn, Salyan kazarması tərəfdə bir neçə gün dalbadal eşidilən atəş səsləri hələ də qulaqlardan çəkilməyib. Rəsmi mənbələr müxtəlif millətlərdən olan əsgərlər arasında silahlı toqquşma olmadığını bildirsələr də, söz-söhbətlər hələ kəsilməyib.
— Təbii ki, bu atəş səslərinə biz də biganə qala bilməzdik. yanvarın 21-də axşamüstü ora yollandıq.
Sonrakı günlərdə də — dalbadal dörd gün kazarmalara baş çəkdik. Orada həqiqi hərbi xidmətdə olan azərbaycanlı uşaqlarla görüşdük. Təxminən 600 nəfərdirlər. Heç birinə xətər toxunmamışdı. Lakin təsəvvür edirdik ki, onların anaları bu anlarda nələr çəkir. Axı kazarmanın xarici aləmlə əlaqəsi tamam kəsilmişdi. İşin çoxluğuna, mürəkkəbliyinə baxmayaraq bu əlaqəni bərpa etməyi öz üzərimizə götürdük. Demək olar, hamısının valideynlərinə, qohumlarına xəbər çatdırıldı. Qarmaqarışıqlıq zamanı kazarmalardan 49 nəfər əsgər qaçmışdır. Müdafiə Nazirliyinin rəhbərləri ilə əldə olunmuş razılaşmaya əsasən, yaranmış vəziyyət nəzərə alınaraq, geri qayıdanlara müəyyən güzəştlər ediləcəkdir.
— Bəs atəş səsləri?
— Şəxsən şahidik, yaxınlıqdakı bir neçə binadan hərdənbir, atırdılar, Ardınca atəş açılan istiqaməti gülləyə tuturdular. Hərbçilər binalarda snayperlər, yaraqlılar olduğunu iddia edirdilər. Doğrudanmı belə idi? Təəssüf ki, suala cavab verə bilməyəcəyik. Əlimizdə həmin iddianın nə dərəcədə doğru olub-olmadığını .təsdiq edən heç bir dəlil yoxdur.
Şübhəsiz, vaxt gələcək, Bakı faciəsinin hələlik qaranlıq qalan bütün təfərrüatı üzə çıxacaq. Bizim müstəqil deputat ,komissiyasının işi də buna xidmət edir. Basqına məruz qalmış yerləri gəzir, şahidlərin ifadələrini toplayırıq. Məsələn, uşaq nevroloji xəstəxanasının divar və dəhlizlərində yüzlərlə güllə yeri saymışıq. Yalnız xoş təsadüf nəticəsində heç kəsə xətər toxunmayıb. Lakin başqa cür də ola bilərdi. Harada görünüb ki, xəstəxanaya (özü də uşaq xəstəxanasına!) güllə atılsın? Çalışmalıyıq ki, nahaq tökülən bir damla qan da yerdə qalmasın, həlak olan, yaralanan və ya itkin düşənlərin hamısı üzə çıxarılsın. Sınanmış həqiqətdir ki, tarixin məhkəməsindən, insanlıq məhkəməsindən heç kəs qaçıb qurtara bilmir.
Buna vaxtımız çatacaq. İndi isə gərək yaraların mümkün qədər tez sağaldılması, insan əzablarının yüngülləşdirilməsi, itkin düşənlərin axtarılıb tapılması üçün hərə bacardığını əsirgəməsin. Əzizlərini, yaxınlarını itirənlərdən komissiyamıza xəbər çatdırmalarını xahiş edirik. Telefonlarımız belədir: 62-97-27, 62-93-88.
Daha bir məlumat. Hadisələr zamanı zərər çəkənlərin sağlamlığının bərpası üçün deputat komissiyasının təşəbbüsü ilə, respublika həmkarlar ittifaqı şurasının vəsaiti hesabına müvəqqəti sanatoriya-profilaktoriyə təşkil edilmişdir. Ehtiyacı olanlar AHİŞ-ə, 92-45-53 və 92-55-36 nömrəli telefonlarla müraciət edə bilərlər.
Baş verən faciə adamları sözün həqiqi mənasında sarsıtmışdır. Lakin əl-qolumuzu yanımıza salmağa da haqqımız yoxdur. Biz şəhidlərin ruhunu əsl həqiqəti üzə çıxarmaqla, respublikamızın həqiqi suverenliyi və müstəqilliyi uğrunda mübarizəni gücləndirməklə şad edə bilərik. Mən xalqıma inanıram. İnanıram ki, bunun üçün özündə qüvvə tapacaq, yaşayacaq, yaradacaq.
Müsahibəni yazdılar
E. QƏDİROV, R. RƏFİZADƏ