Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri kitabından
Bakı., 2000. – s. 13-40.
QANLI FACİƏ
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Bu cür cinayətlərin təhqiqi, onların səbəblərinin, nəticələrinin üzə çıxarılması, təşkilatçılarının adlarının aşkarlanmaması məsələsində vaxt amili yoxdur və bunlar vəhşilik, soyqırımı əməllərinin təkrarlanmaması üçün xəbərdarlıq olmalıdır.
Məlumdur ki, tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın (Nürnberq şəhəri, 1945-1946-cı illər) qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşlar. Məhz buna görə indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər.Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir.
SSRİ və Azərbaycan rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır.Məhz buna görə də 20 yanvar faciəsinin bütün müqəssirləri öz əməlləri üçün xalq qarşısında, ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Sovet hərbi hissələrinin Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi təkcə tamamilə çürümüş sovet rejiminin dağılmasının əlaməti deyil, həm də azərbaycanlıları öz əzəli və tarixi məskənlərindən sıxışdırıb çıxarmaq barədə köhnə, hələ çarizmin vəsiyyət etdiyi məqsədyönlü siyasətin, SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə cidd-cəhdlə gizlətdiyi və pərdələdiyi siyasətin həyata keçirilməsinin sübutu oldu. Azərbaycanda yaranmış ictimai vəziyyət, xalqın irəli sürdüyü tələblər bu cür qəddarlıq və vəhşilik törədilməsinə əsas vermirdi.Xalq azərbaycanlıların qədimdən bəri yaşadıqları Ermənistanda onlara kütləvi surətdə divan tutulmasını və oradan zorakılıqla qovulmasını dayandırmağı və Dağlıq Qarabağın Ermənistana qatılmasına yol verməməyi tələb edirdi. Moskva bu haqlı tələbə misli görünməmiş xəyanətkarlıqla və qəddarlıqla cavab verdi.
Qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində sovet rejimi öz həyat potensialını büsbütün itirmişdi, hərçənd M.Qorbaçov və onun komandası rejimin ömrünü uzatmaq üçün intensiv şəkildə vasitələr axtarırdı.Tam yararsızlığını büruzə verərək, çox tezliklə puça çıxan "yenidənqurma" siyasəti bu cəhdlərin parlaq təzahürü idi.Qorbaçovun SSRİ-ni şüurlu surətdə, Qərbin təhriki ilə dağıtdığını düşünənlər yanılırlar.Bu söhbətlər dar düşüncəli adamların dedi-qoduqlarından savayı bir şey deyildir. Adını islahatçı qoyanların qarşısında SSRİ-ni əvvəlki sərhədlər daxilində saxlayıb, sovet ictimai-siyasi və iqtisadi sisteminə Qərb üçün daha cazibədar xarakter vermək, sistemə yeni nəfəs vermək, lakin bu zaman onun yalnız ən iyrənc prinsiplərini və idarəetmə formalarını aradan götürmək, yəni o illərin termini ilə desək, sosializmə "insani sifət" vermək vəzifəsi dururdu.
Bu başlıca müddəanı əsas tutaraq təsdiq etmək olar ki, Yanvar faciəsinin bir çox səbəbləri var, onun kökləri tarixin dərinliklərinə gedib çıxır.Yenidənqurma onların inkişafını ancaq sürətləndirdi, labüd faciənin son mərhələsini yaxınlaşdırdı.Bəs bu səbəblər ümumən hansılardır? Əvvəla, mərkəzin sovet imperiyasını, kommunist sistemini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq cəhdi; ikincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək cəhdi; üçüncüsü, SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, "yenidənqurma haqqında demaqoqcasına şüarlar altında sərhədləri dəyişdirmək və xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi; dördüncüsü, keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan erməni separatizmi və Ermənistanın; təcavüzü beşincisi, Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti; altıncısı, ayağa qalxmış xalqa rəhbərliyi məsuliyyətsizcəsinə öz əllərinə alanların naşılığı və siyasətbazlığı.
Lakin Yanvar faciəsinə gətirib çıxarmış əsasən "sovet" səbəbləri və amillərinin yalnız yuxarıda sadalanmış siyahısı ilə kifayətlənmək olmaz.Təkrar edirik, Yanvar faciəsinin daha dərin tarixi kökləri var. Qara Yanvar XIX əsrin əvvəllərindən bəri Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllər silsiləsində ancaq bir (ümid edək ki, sonuncu!) vəsilədir. Azərbaycana qarşı qərəzli, ədalətsiz münasibətin əsasını uzaq hədəfli coğrafi-siyasi planlar təşkil edir ki, bu planları da SSRİ rəhbərliyi "beynəlmilə qardaşlıq" yaradılması kimi ideoloji pərdə altında uzun illər həyata keçirmişdir. Əgər Alma-Ata (1986), Tbilisi (1989), Vilnüs (1991) hadisələrinə müraciət " etsək, onda hökmən belə bir sual doğur: nə üçün həmin aksiyalar bu qədər qanlı və geniş miqyaslı olmamışdır? Nə üçün Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi, gürcü və Litva xalqlarından üzr istədi, Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar isə bunu etmədi?
Zənnimizcə, Yanvar faciəsinə hər halda üç amil səbəb olmuşdur.Tarixi-məntiqi baxımdan bu amillər mərkəzin inadkar azərbaycanlıları görk üçün cəzalandırmaq istədiyini söyləməkdən daha əsaslıdır.
QAFQAZ AMİLİ
İkinci amil Qafqaz amilidir.Bu, Moskvanın Azərbaycana ədalətsiz, mənfi münasibətinin formalaşmasında daha mühüm olub, Rusiyanın regionda tarixi mənafeləri ilə bağlıdır.
Bir vaxtlar imperatriçə II Yekaterina I Pyotrun qəsbkarlıq siyasətini davam etdirərək, Rusiyanın cənuba doğru irəliləməsi və cənub dənizlərinə çıxması məqsədilə Qafqazda pravoslav Gürcüstan ilə yanaşı, siyasi baxımdan Rusiyaya istiqamətlənmiş daha iki xristian dövləti yaratmaq planını irəli sürmüşdü. Həmin plan Araz çayından Dərbəndə qədər olan torpaqlarda alban dövlətinin dirçəldilməsini, İrəvan bölgəsində isə erməni vilayəti yaradılmasını nəzərdə tuturdu. Bu zaman Krım ermənilərinin İrəvan paytaxt olmaqla erməni dövləti yaratmaq barədə təkidli xahişi nəzərə alınmışdı.Amma Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Rusiya bu niyyətlərindən imtina etdi və imperiyaya birləşdirilmiş Azərbaycan torpaqlarında yalnız erməni dövləti yaratmaq qərarına gəldi.
Azərbaycan xalqının faciəli tarixi məhz XIX əsrin əvvəllərindən başlanır.
Fundamental elmi tədqiqatlarla sübuta yetirilmişdir ki, müasir Ermənistanın ərazisi tarixən Azərbaycana mənsub olmuşdur. Doğrudur, burada kiçik qruplarla, dağınıq halda ermənilər də yaşayırdılar, lakin onlar gəlmə etnos idi və bu bölgəyə müasir İranın, İraqın, Suriyanın və Türkiyənin ərazilərindən köçmüşdülər.
Bu məsələni daha ətraflı araşdıraq.
Məlumdur ki, protoerməni tayfalarının vətəni Balkan yarımadası olmuşdur.Bu barədə erməni tədqiqatçılarının özləri yazmışlar.Məsələn, erməni alimi Y. A. Manandyan nüfuzlu alimlərin rəyi ilə razılaşaraq hesab edir ki, "protoerməni tayfaları hələ eramızdan əvvəl II minilliyinin birinci yarısında Balkan yarımadasında yaşamışlar.Kiçik Asiyaya onlar eramızdan əvvəl təqribən XIII əsrin ortalarında köçüb gəlmişlər.Kiçik Asiya məkanlarını uzun müddət ərzində gəzib-dolaşdıqdan və müxtəlif tayfalarla qaynayıb-qarışdıqdan sonra eramızdan əvvəl I minilliyin təxminən ortalarında Ermənistan yaylası ərazi-sinə gəlib çıxmışlar.
Tanınmış tarixçi İ. M. Dyakonov özünün məşhur "Erməni xalqının ən qədim tarixi" (Yerevan. 1968-ci il) əsərində yazır: “Yalnız bir nəticə çıxarmaq olar ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına yardımçı əkinçilik təsərrüfatı ilə məşğul olan köçəri maldarlar kimi gəlmişlər, sinfi cəmiyyətin nə olduğunu bilmirdilər, yaylanın təbiəti və erkən sinfi cəmiyyətin sosial şərtləri ilə isə o vaxtlar erməni dilinə hələ keçməmiş olan yerli əhali vasitəsilə tanış olmuşlar”.
Eramızdan əvvəl VI əsrdə ermənilər öz dövlətini yaratmışdılar və o, Dəclə və Fərat çayları hövzəsinin əsasən orta hissəsində yerləşən Ermənistan yaylasının bəzi vilayətlərini əhatə edirdi.Eramızın 387-ci ilində Ermənistan Sasanilər İranı ilə Bizans arasında bölüşdürüldü.Eramızın XIV əsrində ermənilər Kiçik Asiyanın başqa bir hissəsində - Aralıq dənizinin şimal-şərqində Rubenilər tərəfindən idarə edilən cırtdan Kilikiya dövləti yaratmağa nail oldular. Bu dövlət cəmi bir əsr yaşadı və bundan sonra ermənilərin beş yüz il ərzində hətta belə formada da öz dövlətçiliyi olmadı. XV əsrdə erməni kilsəsi Eçmiədzinə köçürüldü ki bundan da məqsəd Cənubi Qafqazda öz dövlətini yaratmaq idi.Həmin vaxtdan bəri erməni xalqının tarixi “Eçmiədzin dövrü” adlandırılmağa başladı. Erməni xalqının XVI əsrdən XX əsrədək olan tarixindən söhbət getdikdə bu, uydurma “Şərqi Ermənistanın” tarixi kimi şərh edilir və bu ad altında əslində Naxçıvanın, İrəvanın, Zəngəzur torpaqlarının tarixi nəzərdə tutulur.
Ermənilər öz dövlətçiliyini 1918-ci ildə çar imperiyasının xarabalıqları üzərində bərpa etdilər. İngiltərənin köməyi ilə Cənubi Qafqazda, Azərbaycanın İrəvan xanlığının ərazisində Ermənistan Respublikası peyda oldu, sonralar onun ərazisi bolşevik Moskvasının amiranə qərarı ilə Azərbaycanın hesabına genişləndirildi.
Milli dövlətçiliyin olmaması şəraitində erməni kilsəsi bir çox ölkələrə səpələnmiş bütün erməniləri birləşdirmək rolunu öz üzərinə götürdü.Başqa sözlə desək, o, bir növ siyasi və dövləti xarakterli vəzifələri yerinə yetirirdi.
Erməni Qriqoryan kilsəsinin əsaslandığı monofizit məzhəbi (Allahın insani mahiyyətinin danılması) hələ Xalkidon baş kilsəsində (451-ci il) bidət elan edilmişdi. Dvin kilsə məclisində (506-cı il) isə erməni kilsəsi digər kilsələrdən tamamilə kənarlaşdırıldı və avtokefal kilsə oldu.
Tanınmış politoloq Dmitri Furmanın fikrincə, erməniləri başqa xristian kilsələrindən ayırmış məhz monofizitizm onlarda tənhalıq, yetimlik, “başıbəlalılıq” hisslərinin yaranmasına və inkişafına kömək etmişdir və bu səbəbdən də erməni etnosu özünü az qala bütün dünyaya qarşı qoyur. Ermənistanın siyasi xadimi Suren Zolyan yazmışdır: “Hamıya düşmən gözü ilə baxmaq - özünün hamıya düşmən olmağın deməkdir. Bu, yol deyil, dibi görünməyən uçurumdur”.
Ermənilərin bu cür vəziyyəti Rusiya imperiyası üçün talenin hədiyyəsindən də dəyərli bir şey idi. Təsadüfi deyil ki, Birinci Pyotr “faydalı vətəndaşlar kimi erməniləri Rusiyada yerləşməyə çağırırdı və dindaşlar k i m i onları himayə və mühafizə ediləcəklərinə inandırırdı (bax: Глинка С. "Oписание переселения армян аддербиджанских в пределы России”. 1831-ci il nəşri).
Obyektiv və subyektiv şərtlər: ermənilərin öz dövlətçiliyinin olmaması, ruhani tərbiyəçilərin ”tənhalıq” və “başıbəlalılıq” ideyalarını əsrlər boyu ermənilərin şüuruna yeritməsi, türklərdən, ümumiyyətlə, müsəlmanlardan düşmən obrazı yaradılması və s. erməni kilsəsinin milli dövlətin bünövrəsini qoymaq üçün əsrlərdən bəri göstərdiyi cəhdlərin və Rusiya imperiyasının müstəmləkəçi mənafelərinin üst-üstə düşməsinə imkan vermişdir. Siyasi sövdələşmənin mahiyyəti belə idi: Rusiya ermənilərin Türkiyə və İrandan Cənubi Qafqaza köçməsinə kömək edir, sonralar isə yerli əhalinin sıxışdırılıb aradan çıxarılması hesabına ermənilər üçün dövlət yaradır, ermənilər də, öz növbəsində, Qafqazda Rusiyanın sadiq müttəfiqi, dayağı, “qulağı” və “gözü” olmağı öhdələrinə götürürlər.
Ermənilərin əlinə səbirsizliklə gözlədikləri girəvə – böyük dövlətin himayəsi altında öz dövlətini yaratmaq barədə çoxəsrlik arzularını həyata keçirmək fürsəti düşmüşdü.
Qafqaza, xüsusən əsrlər boyu azərbaycanlıların yaşadıqları Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına ermənilərin çar Rusiyası tərəfindən həyata keçirilən “böyük köçü” İranla Rusiya arasında Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) sülh müqavilələri bağlandıqdan sonra başlanmışdır. Bu həqiqət müasir Rusiyada və Qərbdə çoxları üçün “kəşf” ola bilər, lakin inqilabdan əvvəlki Rusiyada bu barədə çox və ətraflı yazılırdı. Həmin proseslər M. Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə.Muğanın özgələrə satılması” adlı məşhur kitabında təfərrüatı ilə təsvir edilmişdir. Yaxud Rusiyanın İrandakı səfiri, ermənilərin Azərbaycana köçürülməsi işində canfəşanlıq göstərən Aleksandr Qriboyedov çar hökumətinə məlumatlarında yazırdı: “Müsəlmanlar (yəni azərbaycanlılar – R. M.) narahatdırlar ki, “müvəqqəti köçürülən ermənilər Qarabağda həmişəlik qalacaqlar”.
Çar hökuməti tərəfindən on minlərlə erməni ailəsinin Azərbaycana köçürülməsi (bu, əslində işğal idi), yerli əhali ilə müqayisədə onlara din birliyi əsasında daha geniş hüquq və imtiyazlar verilməsi tezliklə azərbaycanlıların Cənubi Qafqazın bir çox bölgələrindən sıxışdırılmasına gətirib çıxardı.
Sonralar yerli türk əhalisinin sıxışdırılması mərhələlərlə həyata keçirilən deportasiya xarakteri kəsb etmişdir.
Bu proseslər Gürcüstanda yaşayan azərbaycanlılardan da yan keçməmişdir.Çar hökuməti tərəfindən həyata keçirilən Gürcüstanın azərbaycanlılardan etnik təmizlənməsi siyasəti 1917-ci ilə qədər davam etmişdir.Çoxsaylı faktlar məlumdur ki, adamlar öz ailələrini repressiyalardan və güclə deportasiya olunmaqdan qorumaq məqsədilə müxtəlif fəndlərə əl atmağa məcbur olmuş, hətta bəziləri öz soyadlarını və etnik mənsubiyyətlərini dəyişməli olmuşlar.Bu gün Gürcüstanda soyadlarının türk mənşəyi şübhə doğurmayan adamlar çoxdur (Tataraşvili, Mamedaşvili, Aslanisşvili, Amirecibi və s.).
Azərbaycanlıların Gürcüstandan sıxışdırılıb çıxarılması siyasətini 90-cı illərin əvvəllərində Gürcüstanın eks-prezidenti – “demokrat” Zviad Qamsaxurdia da həyata keçirirdi.
Sovet hakimiyyəti illərində azərbaycanlı əhalinin Ermənistan SSR-dən deportasiya edilməsi rəsmi dövlət siyasətinə çevrildi. Bu siyasət iki tərkib hissəsindən ibarət idi: birinci – azərbaycanlıların tarixi yaşayış yerlərindən köçürülməsi; ikinci – Azərbaycan SSR ərazisinin bir hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi. 1920-ci ilin mayınadək Şimali Azərbaycanın ərazisi 114 min kvadrat kilometrdən artıq olmuşdur. Lakin bu ərazi onun bir hissəsinin Ermənistana və Rusiyaya verilməsi nəticəsində 86,6 min kvadrat kilometrə endirilmiş, yəni təxminən 28 min kvadrat kilometr azalmışdır (Ermənistan Respublikasının sahəsi 29,8 min kvadrat kilometrdir).
Azərbaycanlı əhalinin öz tarixi ərazisindən deportasiyası ilə müşayiət olunmuş erməni ekspansiyası prosesi təxminən iki əsr ərzində davam etmişdir. Bu proses zamanı etnik zəmində soyqırımı siyasəti insanların kütləvi surətdə qətlə yetirilməsi, yaşayış məntəqələrinin yandırılması, viran qoyulması və dağıdılması, milli mədəniyyət abidələrinin məhv edilməsi və s. ilə səciyyələnmişdir. Təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı Ermənistan rəsmi dairələrinin və onların havadarlarının yeritdikləri soyqırımı siyasətinə bu və ya digər şəkildə məruz qalmışdır.
XX əsrin axırlarında Qorbaçov özünün ən yaxın ətrafı ilə birlikdə, bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması üçün, digər tərəfdən, azərbaycanlıları daha da sıxışdırmaq məqsədi ilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün hər şeyi etdi. Məhz buna görə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə “birləşdirilməsi” haqqında antikonstitusion akt qəbul etdikdə Moskva buna əsla məhəl qoymadı.
MİLLİ AMİL
Faciəni şərtləndirən üçüncü amilin mahiyyəti sovet dövləti rəhbərlərinin siyasətində və təfəkkür tərzində türklərə nifrətdən ibarətdir.Bunun dərin tarixi kökləri var və o, ən əvvəl iki imperiyanın – Osmanlı və Rusiya imperiyalarının çoxəsrlik qarşıdurması ilə bağlıdır.Elə sovet rejimi də azərbaycanlılarla türklərin etnik yaxınlığından həmişə ehtiyat etmişdir.Məhz buna görə 20-ci və 30-cu illərdə Azərbaycanın bir çox görkəmli xadimləri pantürkizmdə təqsirləndirilmiş və repressiya olunmuşlar.İki xalq arasında hər cür ünsiyyət və əlaqələri kəsmək üçün hər şey edilirdi. Hətta bu məqsədlə azərbaycanlıların da, türklərin də istifadə etdikləri latın əlifbası 30-cu illərin axırlarında Kiril qrafikası ilə əvəz olundu. Sovet hakimiyyəti illərində azərbaycanlıların Türkiyəyə hətta işgüzar səfərlərə getməsinə də gizli qadağa qoyulmuşdu.
Türk vahiməsi sovet ideologiyası və coğrafi-siyasi xəttinin həmişə tərkib hissəsi olmuşdur ki, buna da Moskvadakı erməni lobbisi və ermənipərəst əhval-ruhiyyəli dairələr xeyli dərəcədə təkan vermişlər.Onlar SSRİ rəhbərlərinin şübhələrini qızışdıraraq, iftiralar yayırdılar ki, “azərbaycanlılara etibar etmək olmaz, onlar qəlbən Türkiyəyə bağlıdırlar”. Peşəkar araqarışdıran və fitnəkar Zori Balayan üzdəniraq yenidənqurma illərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında çıxış edərkən demişdir: “Azərbaycan elə bir əməliyyat meydanıdır ki, Türkiyə buradan ölkənin cənub sərhədlərinə zərbə endirməyə hazırlaşır”.
Bakıda 1990-cı ilin yanvar faciəsi SSRİ rəhbərliyinin türkdilli respublikalar barəsində siyasətinin bir çox örtülü, gizli tərəflərini üzə çıxardı.İkinci dünya müharibəsi illərində Stalin vaynaxlarla, kalmıklarla və Volqaboyu almanları ilə yanaşı, türkdilli qaraçaylıları, balkarları, Krım tatarlarını, məhsəti türklərini də kütləvi şəkildə deportasiya etdirdi.Yenidənqurma illərində fitnəkarlığa əl atılaraq, sonuncuların Orta Asiyada döyülməsi təşkil olundu. Qazaxlara milliyyətcə rusu rəhbər qəbul etdirmək istədikdə Alma-Atada baş vermiş hadisələri, T. Qdlyana bütöv bir xalqı rüsvay etməyə, alçaltmağa və zorakılığa məruz qoymağa imkan yaratmış uydurma “özbək işi”ni xatırlayaq. M. Qorbaçovun öz sələflərindən fərqi bunda idi ki, o, hər cür şərtiliyi, hüquqi aktları və Konstitusiya müddəalarını qulaqardına vuraraq, türkdilli respublikaların açıq-açığına ziddinə gedirdi. O, həmin respublikaların nüfuzlu və hörmətli rəhbərlərini dəyişdirərək, onların xalqlarını əslində başsız qoyurdu.
Beləliklə, bolşevik Rusiyasının və SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, qərəzli münasibətinin tarixi və sosial-siyasi kökləri, dərin səbəbləri ondan ibarətdir ki, Moskvanın imperiya siyasətini şərtləndirən üç amilin hamısı – müsəlman, Qafqaz və türk amilləri bu respublikada birləşmişdi.
Azərbaycanlılara qarşı soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin əsası da bununla bağlıdır.
QANLI YANVARIN GEOSİYASİ ASPEKTİ
20 Yanvar hadisələrinin köklərini araşdırarkən o vaxtlar Qərb dövlətlərinin Azərbaycandakı ictimai-siyasi hadisələr barəsində tutduqları mövqeyi də nəzərdən qaçırmaq olmaz.Bəri başdan deyək ki, bu mövqe Azərbaycanın xeyrinə deyildi.Azərbaycanda baş verən hadisələr haqqında Qərbdə yanlış təsəvvür yaranmasında SSRİ-nin mərkəzi mətbuatı çox mənfi rol oynamışdır. Sov.İKP MK-nın rəhbərlik etdiyi sovet mətbuatı erməni kilsəsinin və “Daşnaksutyun” Partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara, təhqirlərə və ayrı-seçkiliyə qarşı məcburi etiraz hərəkəti kimi qələmə verirdi.
Ermənisayağı “anşlüs” ideologiyası carçılarının emissarları da Qərbdə fəal antiazərbaycan təbliğatı aparırdılar. Sumqayıt hadisələrinin (fevral 1988-ci il) elə ertəsi günü qətl-qarətə (bu, şübhəsiz, xüsusi xidmət idarələri tərəfindən hazırlanıb həyata keçirilmişdi!) həsr olunmuş filmin Parisdə televiziya ilə yayımlanması faktı Azərbaycana qarşı ideoloji müharibənin və informasiya müharibəsinin miqyasını əyani şəkildə göstərir.
SSRİ və Qərb mətbuatı tərəfindən azərbaycanlının mənfi obrazının yaradılmasından mənfur bir məqsəd güdülürdü: bütün dünyanın ictimai rəyini Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində türkdilli əhaliyə qarşı etnik təmizləmənin “qanunauyğun və haqlı olması barədə fikrə hazırlamaq. Bu, mərkəz tərəfindən görülən məcburi tədbir kimi qələmə verilirdi.Müəyyən dərəcədə buna görə də Azərbaycan xalqının böyük faciəsi SSRİ-də etinasız sükutla qarşılandı.
Həmin dövrdə aparıcı qərb dövlətləri həqiqəti müəyyənləşdirməyə, problemin mahiyyətinə varmağa cəhd də göstərmədilər.Əslinə qalsa, bu, onlara heç lazım da deyildi.
Əksinə, onlar M. Qorbaçovun bütün dağıdıcı əməllərini hər vəchlə dəstəkləyirdilər.Hesab edilirdi – bir halda ki, o, hətta dolayısı ilə olsa da, erməni separatizmini dəstəkləyir, – deməli, həqiqət ermənilərin tərəfindədir.Daha sonra, Qərbdə yaxşı bilirdilər ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədir, dağıdır.Bu da soyuq müharibədə SSRİ-nin əleyhdarlarının mənafelərinə və strateji məqsədlərinə tamamilə uyğun idi.Ayrılıqda Azərbaycan isə o dövrdə onların coğrafi-siyasi maraqları dairəsinə daxil deyildi.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, görkəmli siyasi xadim Zbiqnev Bjezinskinin etirafına görə, 90-cı illərin əvvəllərində Amerika Birləşmiş Ştatları Qafqaz regionunu. Qafqazda yerləşən respublikaları özünün maraq dairəsinə daxil etməməklə ciddi səhvə yol vermiş, onların böyük strateji əhəmiyyətinə etinasızlıq göstərmişdir. O deyirdi: “Belə demək düzgün olar ki, Amerika Birləşmiş Ştatlarının siyasətində strateji dəyişiklik, fikrin dəyişməsi 1994-cü ildə başlandı. O vaxta qədər Amerika Birləşmiş Ştatlarının mərkəzi, vacib strateji əlaqələri Rusiya ilə birbaşa qurulur, yeni müstəqillik qazanmış ölkələr isə strateji baxımdan daha aşağı səviyyəli ölkələr kimi qiymətləndirilirdi. Bu, səhv siyasət idi (bax: “Azərbaycan” qəzeti, 22 fevral 2000-ci il)
Azərbaycan üçün həmin o faciəli günlərdə ABŞ-ın coğrafi-siyasi doktrinası başqa cür idi.
Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir.Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir.
Böyük Britaniya XİN-i bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi.
İtaliyanın xarici işlər naziri D. Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir.Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhval-ruhiyyəli millətçilərinin qarşısını almalı idi.
Gördüyümüz kimi, SSRİ rəhbərliyi hadisələri nəzərdə tutulmuş şəkildə anlamağa Qərbi hazırlaya və Azərbaycan barəsində Konstitusiyaya zidd hərəkətlərinə görə dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən hər hansı sanksiyaların tətbiq edilməsinin və ya bu hadisələrin pislənməsinin qarşısını ala bildi.Cəzasız qalacağına tam əmin olan M. Qorbaçov 1990-cı ilin yanvarında Azərbaycana qoşun yeridərək silahsız dinc əhaliyə qəddarcasına divan tutdu.
QANLI YANVAR VƏ DAĞLIQ QARABAĞ PROBLEMİ
Azərbaycan xalqı 1987-ci ilin axırlarında süni surətdə yaradılan uydurma “Dağlıq Qarabağ problemini elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı yönəldilmiş cəhd kimi, vətəndaşların
Konstitusiya hüquqlarının pozulması kimi qarşıladı.SSRİ hökumətinin və Sov.İKP MK-nın gördüyü tədbirlər, o cümlədən qanlı Bakı qırğını sübut edir ki, bütün bu sərsəmliyin öz məntiqi vardı.Dağlıq Qarabağ münaqişəsi müfəssəl şəkildə hazırlanmış əməliyyatdır.“Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci ilin martında qəbul etdiyi xüsusi qərar SSR-nin tarixində görünməmiş bir şey idi və elə bunun özü də Mərkəzlə Ermənistan rəhbərliyi arasında sövdələşmə olduğuna danılmaz sübutdur.Əslinə qalsa, həmin İttifaq qərarı Dağlıq Qarabağın Azərbaycan SSR-dən qoparılması üçün sosial-iqtisadi bünövrə qoymuşdu.
Muxtar vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 12 yanvar tarixli fərmanı Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılması strategiyasında mərkəzin atdığı növbəti addım oldu. Dağlıq Qarabağa rəhbərlik mərkəzin nümayəndəsi
A.Volskinin sədrliyi ilə Xüsusi İdarə Komitəsinə tapşırıldı.Əslində isə bu, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması demək idi.
Bundan sonra SSRİ rəhbərliyi respublikanın ərazi bütövlüyünün müdafiəsinə qalxmağa və ədalətsiz milli siyasətlə razılaşmadığını bildirməyə cürət etmiş xalqa açıqca divan tutmaq yolunu seçdi. Sovet ordusunun iri kontingentinin, xüsusi təyinatlı bölmələrin və SSRİ DİN-in daxili qoşunlarının
Bakını zəbt etməsi xüsusi amansızlıq və görünməmiş vəhşiliklə müşayiət olundu.
Xalqın iradəsini qırmaq, onun haqq-ədaləti bərqərar etmək amalını boğmaq, milli ləyaqətini alçaltmaq, eyni zamanda sovet cəza maşınının gücünü nümayiş etdirmək məqsədi ilə törədilmiş Bakı qətliamı əsl hərbi təcavüzdür.
Totalitar kommunist rejiminin XX əsrdə həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz Azərbaycan xalqına qarşı, bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayətdir.Bu cinayəti törədən adamlar indiyədək cəzalarını almamışlar.Lakin gec-tez onların cəzası veriləcək, təqsirkarlar Azərbaycan xalqı qarşısında, tarix qarşısında məsuliyyət daşıyacaqlar.
Şübhəsiz ki, Azərbaycana qoşun yeridilməsinə və insanların qırılmasına görə Moskva ilə yanaşı, respublikanın keçmiş rəhbərləri də məsuliyyət daşıyırlar.İstintaq orqanlarının əlində olan sənədlərdən görünür ki, hakimiyyət dairələri bilərəkdən xalqın iradəsinə qarşı çıxaraq, mərkəzin hər bir göstərişini kor-koranə və sözsüz yerinə yetirmiş, bu göstərişlərin sonu bəlli olmayan nə kimi nəticələrə gətirib çıxara biləcəyinə varmamışlar. Öz xalqının və respublikasının mənafelərini müdafiə etmək, qorumaq əvəzinə onlar respublikadakı hadisələr barədə hər gün Moskvaya qərəzlə seçilmiş və hazırlanmış məlumatlar verir və müvafiq göstərişlər alaraq, bunları mərkəzdən gəlmiş emissarların ciddi nəzarəti altında həyata keçirirdilər.
Respublikanın çox ağır günlərində onun rəhbərləri özlərinin tam acizliyini göstərdilər.Onlar itaətkar oyuncaqlar kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Kəşfiyyat İdarəsinin hazırladıqları ssenariyə müvafiq surətdə hərəkət edirdilər. Şahid ifadələri göstərir ki, bu orqanların fəaliyyəti fitnəkarlıqlar və təxribatlar (məsələn, yanvarın 13-15-də Bakıda talanların təşkili, partiya komitələrinin tutulması, dövlət sərhədində mühəndis qurğularının dağıdılması, müəssisə və təşkilatların dövlət orqanlarının tabeliyindən çıxması və s.) törətməklə, respublikada vəziyyəti maksimum mürəkkəbləşdirməyə yönəldilmişdi. Bütün bunlar Azərbaycanda sabitliyi pozmaq və “konstitusion qayda yaratmaq” planının həyata keçirilməsini əsaslandırmaq məqsədi ilə edilirdi.
1989-cu il oktyabrın 7-də respublika DTK-sının sədri Vaqif Hüseynovun əmri ilə komitənin müxtəlif bölmələrinin 12 zabitindən ibarət “Böhran qrupu” deyilən qrup yaradılmışdı. O qrupa 5-ci şöbənin rəisi Vladimir Mirzəyev başçılıq edirdi. Qrupun vəzifəsinə rəsmən “düşmənin qərəzli hərəkətlərinin aşkara çıxarılması, qarşısının alınması və zərərsizləşdirilməsi..., SSRİ instansiyalar və DTK-sının qabaqlayıcı məlumatlar hazırlanması” sahəsində məqsədyönlü işinin təşkili daxil idi.
Təhlükəsizlik orqanlarında adətən kod kimi istifadə olunan bu formulun basmaqəlib xarakter daşıdığını görməmək olmaz.“Böhran qrupuna” dair istintaq materialları göstərir ki, əslində qrupun fəaliyyət dairəsi xeyli geniş idi və əmrlə müəyyənləşdirilmiş çərçivədən çox-çox kənara çıxırdı.Fitnə-fəsadlar partlayışlar, mənzillərin yandırılması, qətl məqsədilə sui-qəsdlər – bunlar həmin qrupun məşğul olduğu əməllərin heç də tam siyahısı deyildir.
İstintaqın aşkara çıxardığı faktların təhlili sübut edir ki, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Moskvanın bütün göstərişlərini sözsüz yerinə yetirərək, öz xalqına qarşı ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdur.Azərbaycan KP MK-nın ikinci katibi V. Polyaniçko, hökumətin sədri A.Mütəllibov, DTK-nın sədri V.Hüseynov bu cinayətin birbaşa iştirakçıları idilər.
Bakı Şəhər Partiya Komitəsinin birinci katibi M Məmmədov Bakıya qoşun bölmələrinin yeridilməsinə qarşı tədbirlər görülməməsinə, vətəndaşların təhlükəsizliyinin təmin edilməməsinə görə siyasi məsuliyyət daşıyır.Azərbaycan KP MK Bürosunun digər üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri mənəvi-siyasi məsuliyyət daşıyırlar.
Bəzi müəlliflər Yanvar hadisələrinin səbəblərini araşdırarkən təqsirin əsas hissəsini bu dəhşətli aksiyanın bilavasitə təşkilatçıları və icraçılarının deyil, çoxminlik mitinqləri idarə edənlərin, yaxud da Ə.Vəzirov rejiminə müxalifətdə olanların üzərinə qoymağa çalışırlar.Əlbəttə, onların təqsirini tamamilə danmaq olmaz.Lakin “meydan liderləri” deyilənlərin hərəkətlərini bir qədər başqa müstəvidən nəzərdən keçirmək gərəkdir, onların təqsirinin əsl səbəbi və xarakteri başqadır.
Yanvar hadisələri ərəfəsində müxalifət rüşeym halında idi, dəqiq təşkilatı struktura və proqrama malik deyildi.Mitinqlərə siyasətdə təcrübəsi olmayan adamlar, əsasən elm və tədris müəssisələrinin, ideoloji idarələrin və orqanların nümayəndələri rəhbərlik edirdilər.Onların bəziləri ümumxalq etiraz aksiyalarında qəlbin hökmü ilə, başqaları konyunktura məqsədi ilə iştirak edirdilər.
Beləliklə, Yanvar hadisələrində müxalifətin yeri və rolu necədir?
1988-ci ilin ortalarından etibarən geniş xalq kütləsi dərk etməyə başladı ki, Azərbaycan rəhbərliyi respublikanın ərazi bütövlüyünə qəsdlərin qarşısının alınmasında qətiyyət göstərmir, ölkə vətəndaşlarının əleyhinə yönəldilmiş gizli xəyanətkar planların həyata keçirilməsində əslində iştirak edir, mərkəzlə əlbir-dilbirdir və xalq hərəkatını yatırmaq üçün heç nədən çəkinməyəcəkdir. Alternativsizlik şəraitində xalqın özü respublikanın şərəf və ləyaqətinin müdafiəsinə qalxdı, onun ərazisinin bir hissəsinin qoparılmasına qarşı, Ermənistanda yaşayan azərbaycanlıların döyülməsinə və oradan zorla çıxarılmasına qarşı qətiyyətlə çıxış etdi.
Lakin xalq hərəkatı uzun müddət rəhbər özəksiz qala bilməzdi.Məhz belə şəraitdə çoxminlik xalq kütlələrinin qarşısında tribunalarda yalançı liderlər peyda oldular və sonra baş vermiş hadisələrdə onların rolu heç də birmənalı deyildi.
Yanvar faciəsindən əvvəlki dövrdə, habelə yanvarın 19-dan 20-nə keçən gecə müxalif qrupların və ayrı-ayrı adamların fəaliyyətinə aid material və sənədlərin öyrənilməsi belə bir nəticəyə gətirib çıxarır: bu qanlı faciəyə görə müxalifət ümumən siyasi və mənəvi məsuliyyət daşıyır. Lakin bu qruplarda fitnəkarlar da, hər cür avantüristlər də, hikkəli-iddialı şəxslər də vardı və onlar süni sürətdə yaradılmış vəziyyətin kəskinliyini, Moskvanın məqsədlərinin ciddiliyini dərk etməyərək, sovet qoşunlarına müqavimət göstərmək üçün xalqı küçələrə çıxmağa çağırırdılar. Günahsız insanların qanının tökülməsinə görə onlar vicdan əzabı çəkməlidirlər. Axı, Moskvanın Azərbaycana nisbətən loyal münasibət göstərdiyi digər respublikalarda ordunun dinc əhalini necə amansızcasına məhv etdiyinə dair misallar artıq var idi.
Əbülfəz Əliyev, İsa Qəmbərov, Etibar Məmmədov, Nemət Pənahov, Rəhim Qazıyev və başqaları 20 Yanvar faciəsinə görə bilavasitə siyasi və mənəvi məsuliyyət daşıyırlar. Xalq hərəkatının liderləri olmaq fikrinə düşən bu şəxslər silahsız insanları nizami qoşunların üstünə göndərərkən məntiqə görə, mümkün ola biləcək faciəli nəticələr üçün, insanların taleyi və həyatı üçün dərin məsuliyyət hiss etməli idilər. Amma hadisələrin göstərdiyi kimi, onlar vəziyyətin inkişafını proqnozlaşdırmağa qadir deyildilər. Bu bir yana, sovet qoşunlarının Bakıya daxil olmasından xəbər tutan kimi onlar vahimə içində qaçıb, hərə bir tərəfdə, bir çoxları isə hətta evlərində yox, dost-tanışlarının yanında gizlənmişdilər.
Yanvar faciəsində müxalif qrupların rolunu və təqsir dərəcəsini qiymətləndirərkən onların məqsəd və məramını, təşkilat strukturunun səviyyəsini və xarakterini, həmin qruplara daxil olan adamların intellektual potensialını, siyasi hazırlığının ümumi səviyyəsini, dünyagörüşünü, dövlət idarələrində iş təcrübəsini və ümumən həyat təcrübəsini nəzərə almaq lazımdır. Heyhat, populizm, siyasi naşılıq, iddialılıq, sonradan çaşqınlıqla əvəzlənmiş hədsiz lovğalıq onunla nəticələndi ki, xalq növbəti dəfə amansızcasına aldadıldı.
TARİXİ GERÇƏKLİKLƏRLƏ ÜZ-ÜZƏ
On il əvvəl baş vermiş hadisələri təhlil edərək hansı ümumiləşdirici nəticəyə gəlmək olar?
İlk öncə qeyd edək ki, Azərbaycanın XIX-XX əsrlər tarixi bizdən keçmişin ibrət dərslərini bilməyi, toqquşmaların güclənib faciəyə çevrilməsinin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, ictimai inkişafın qanunauyğunluqlarını, xalqın azadlıq uğrunda mübarizəsində mərhələlərin dəyişmə qanunauyğunluqlarını bilməyi tələb edir.
Azərbaycan heç zaman xalqın 80-ci illərin axırlarında, Yanvar faciəsi ərəfəsindəki kimi xalqın belə güclü çıxışını görməmişdi.Bu, həqiqətən kütləvi xalq hərəkatı idi.Onun şüarlarını, ideya əsasını xalqın tapdanmış konstitusion hüquqlarının bərpa olunması, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması tələbləri təşkil edirdi. Yanvar faciəsindən sonra, xalq Dağlıq Qarabağ probleminin ədalətli həllinə bəslədiyi bütün ümidləri bununla birlikdə isə Sov.İKP-nin təmsil etdiyi mərkəzi hakimiyyətə inamını itirdikdə, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ vilayətində azərbaycanlılara qarşı soyqırımının Moskvanın, M. Qorbaçovun və onun ətrafındakıların rəvacı ilə həyata keçirildiyini yəqin etdikdə bu hərəkat milli azadlıq hərəkatına çevrildi. Xalq öz tarixi amalını dərk etdi.Tale elə gətirdi ki, xalq ən gərgin məqamda öz milli problemlərini özünün həll etməyə hazır olduğunu hiss etdi.
1990-cı ilin yanvarı sovet cəmiyyətinin bütün hissələrinin sağalmaz xəstəliyə tutulduğunu sübut edən deşilmiş çiban idi.Bu, sovet siyasi və iqtisadi sisteminin süqutu, yeni şəraitdə sosializmin dirçəldilməsinə yönəldilmiş yenidənqurma siyasətinin tam iflası idi.
90-cı ilin yanvar hadisələri Azərbaycanda xalq ilə hakimiyyət arasında olan uçurumun dərinliyini bütünlüklə açıb göstərdi, Ə.Vəzirovun, A.Mütəllibovun, V.Hüseynovun, respublikanın digər rəhbərlərinin əməllərinin xəyanətkar mahiyyətini ifşa etdi.Qayda-qanunun qorunub saxlanması və dövlət idarələrinin mühafizəsi üçün Azərbaycana dərhal qoşun göndərmək xahişi ilə 1989-cu ilin axırlarından ta Yanvar faciəsinədək Ə.Vəzirovun, A.Mütəllibovun, habelə respublika DTK-sının sədri V.Hüseynovun imzaları ilə Moskvaya göndərilən şifroqramlar buna inandırıcı sübutdur.
Biz, nəhayət, dərk etməliyik: Azərbaycan xalqının tarixində bir çox bəlalar ona görə baş vermişdir ki, siyasi elita cəmiyyətin həyatını qurmağa və müstəqil dövlət yaratmağa çalışarkən ən üstün milli problemlər barədə heç də həmişə dəqiq təsəvvürə malik olmamışdır. Çox vaxt ümummilli ideyalar saxta vətənpərvərliklə, subyektiv mülahizələrlə, şəxsi iddialarla əvəzlənmişdir. 1990-cı ilin qanlı yanvarı və ölkənin müasir tarixindəki digər faciəli hadisələr – az qala vətəndaş müharibəsinə gətirib çıxaracaq 1993-cü ilin Gəncə qiyamı, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri, dövlət başçısına qarşı hazırlanmış terror aktları və s. bunu əyani şəkildə təsdiqləyir.
1990-cı ilin yanvarı meydana gəlməkdə olan və o vaxtlar Xalq Cəbhəsinin başçılıq etdiyi müxalifətin radikal qanadının yeritdiyi siyasətin təhlükəli olduğunu və eyni zamanda, onun quruculuq fəaliyyəti göstərməli olan demokratik qanadının amorfluğunu üzə çıxardı.İndi xüsusilə aydın olur ki, o vaxtlar Azərbaycanda xalq hərəkatına başçılıq etməyə qadir olan, təşkilatca və ideyaca sıx birləşmiş siyasi qüvvə yox idi.
Tarixin dönüş məqamında ölkədə milli lider də olmadı ki, onun idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və müdrikliyi, təşkilatçılıq bacarığı xalq hərəkatının gücünü lazımi məcraya yönəltsin və yersiz qurbanlar vermədən, qan tökülmədən qarşıya qoyulmuş məqsədə çatmağa imkan yaratsın.
Heydər Əliyev bu keyfiyyətlərə tam dolğunluğu ilə malikdir.Xalq ona həmişə etimad göstərmiş, təcrübəli və etibarlı rəhbər kimi baxmışdır.Lakin o vaxtlar Heydər Əliyev İttifaq rəhbərliyinin ciddi nəzarəti altında idi və Moskvada xüsusi xidmət idarələri tərəfindən təqib olunurdu.Onun sərbəst hərəkət etmək imkanı yox idi.Elə Azərbaycanda da Ə.Vəzirov, onun tərəfdarları mafioz qruplarla birlikdə hər cür fitnəkarlıqlara və çirkin uydurmalara əl atırdılar ki, H. Əliyevin respublikaya qayıtmasına yol verməsinlər.
Qondarma liderlərin populizmi və məsuliyyətsizliyi, yaranmış şəraitdə tarixin ön səhnəsinə çıxan şəxslərin siyasi təcrübəsinin olmaması baş vermiş faciədə müsibətli rol oynadı. Onların mövqelərinin qeyri-ardıcıllığı, hakimiyyət orqanlarına və xüsusi xidmət idarələrinə yarınmaları xalq hərəkatının müqəddəratını, onun faciəli nəticələrini qabaqcadan müəyyənləşdirən amil oldu.
Yaranmaqda olan müxalifətin ən iddialı hissəsi öz nüfuzunun dərəcəsini nəzərə almayaraq, elmi və yaradıcı ziyalıların, siyasi elitanın hörmətli, əsl vətənpərvər nümayəndələrini həlledici anda hərəkatdan uzaqlaşdırdı.Bu, müxalifətin bütün sonrakı siyasi müqəddəratına mənfi təsir göstərmiş olan faciəli bir səhv idi.
Demokratik dəyərlərin bolşevik mübarizə şüarları və metodları ilə əvəzlənməsi, riyakarlıq və intriqanlıq, dözümsüzlük və totalitar təfəkkürün təzahürləri, intellektual kasadlıq və zamanın tələbləri ilə ahəngdar səslənən yeni ideyaların olmaması və s. – müxalifət bax, belə mənəvi-siyasi mühitdə meydana gələrək inkişaf edirdi.Bu, barışmaz müxalifətin siyasi həyatını indi də səciyyələndirir.Nəyin bahasına olursa-olsun, xalqa hakim olmaq iddiası – milli hərəkatın başlanğıcındakı bu hikkə radikal müxalifətin fəaliyyətini yenə də müəyyənləşdirir.Radikal müxalifət bununla hesablaşmaq istəmir ki, 80-ci illərdə – 90-cı illərin əvvəllərində kortəbii şəkildə təşəkkül tapmış heç də bütün mübarizə formaları bu gün ölkədə gedən real proseslər şəraitində özünü doğrultmamışdır.Müstəqil demokratik dövlət qurduğumuz, cəmiyyətdə sabitliyin bərqərar olduğu, cəmiyyətin fəaliyyətini qanunun, parlamentin, mətbuatın tənzimlədiyi bir şəraitdə mübarizənin qarşıdurma formaları anaxronizmdir və siyasi fəhmsizliyə, naşılığa, xalqın həqiqi mənafelərini bilməməyə sübutdur.
QANLI YANVARIN İBRƏT DƏRSLƏRİ
Yanvar faciəsi tarixi yaddaşımıza kədərli hadisə kimi, hüznlü gün kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur.Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi.Dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir.Xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.
Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyi qazanması yolunda dönüş məqamı oldu.Xalq bu mərhələdən keçərək başa düşdü ki, əvvəlki həyata, yarımmüstəmləkə halında yaşamağa həmişəlik son qoyulmuşdur.Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.
Yanvar faciəsinin müxtəlif cəhətlərinin dərindən dərk edilməsi və araşdırılmasının dövlətyaratma proseslərinin inkişafı üçün çox böyük əhəmiyyəti vardır.Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının ağır və əzablı yolunu uğurla keçmək üçün Yanvar faciəsini bütün təfərrüatı ilə bilmək və yadda saxlamaq lazımdır.Belə bir həqiqəti hamımız dərk etməliyik ki, dövlətin siyasəti xalqın mənafelərinə cavab verməli və onun dəstəyinə arxalanmalıdır.Yalnız bu halda biz yeni qurbanların qarşısını ala bilərik. O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qabağını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə birləşdirmək gərəkdir. Siyasi mübarizə Konstitusiyanın tələblərinə uyğun şəkildə, hüquq normaları çərçivəsində aparılmalıdır.
80-ci illərin axırları, 90-cı illər sübut etdi ki, tarixi yaddaşsızlıq ciddi nəticələrə səbəb ola bilər və o, taleyüklü məsələlərin həllində qarşısıalınmaz sədlər yaradır. Ona görə də Azərbaycanın faciəli, bir çox cəhətdən ziddiyyətli və eyni zamanda qəhrəmanlıq tarixini öyrənərkən bu tarixin ibrət dərslərini nəzərə almaq və dəfələrlə faciələrə gətirib çıxarmış səhvləri təkrarlamamaq lazımdır.Bu, böyüməkdə olan nəsli əsl vətənpərvərlik və vətəndaşlıq ruhunda daha səmərəli tərbiyə etməyə, onlara gerçəkliyin tələblərini nəzərə almaq və konkret siyasi məqamın xüsusiyyətləri ilə hesablaşmaq bacarığı aşılamağa imkan verər.
Yanvar faciəsinin daha bir mühüm ibrət dərsi bundan ibarətdir ki, biz dünya ictimaiyyətinin
Azərbaycan haqqında son dərəcə az məlumatı olduğunu yəqin etdik. Təəssüf ki, biz indiyədək xaricdə təşkilati cəhətdən möhkəm diaspor yaratmağa, güclü lobbi, milli icmalar formalaşdırmağa müvəffəq olmamışıq ki, onlar MDB, Qərb və Şərq ölkələrində mənafelərimizi qoruya bilsinlər.Bu, ümummilli vəzifədir və aktuallığını indiyədək itirməmişdir. Odur ki, kütləvi informasiya vasitələrinin, dövlət orqanlarının və ictimai qurumların geniş imkanlarından istifadə edərək, Azərbaycan haqqında məlumatı bütün dünyaya operativ surətdə, başlıcası isə – peşəkarlıqla yaymaq, Azərbaycan barədə həqiqəti danışmaq, ölkəmizdə gedən proseslərə dair obyektiv və qərəzsiz ictimai rəy yaratmaq lazımdır.
Bu, ona görə lazımdır ki, “Qara yanvar” bir daha heç zaman təkrar edilməsin.
Mehdiyev Ramiz.