XRONOLOGİYA - 20 YANVARA APARAN YOL
|
1987
|
|
18 oktyabr | İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır. |
19 oktyabr | Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırılmışdır. |
18 noyabr | Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi. |
1 dekabr | Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişlər. |
1988
|
|
8 yanvar | Dağlıq Qarabağın erməni icmasının nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış daha bir müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim etmişlər. |
25 yanvar | Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəlmişdir. |
8 fevral | Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başlanmışdır. |
13 fevral | DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndində ilk mitinq keçirilmişdir. |
18 fevral | Kremldəki erməni lobbisinin ən fəal təmsilçisi Georgi Şahnazarov Sov. İKP MK-nın
baş katibi M.Qorbaçovun köməkçisi təyin edilmişdir.
Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov DQMV Partiya Komitəsinin büro iclasında iştirak etmiş və mitinqlərin “Krunk” un rəhbərləri tərəfindən təşkil edildiyini bildirmiş, onların həbs edilməsi məsələsini qaldırmışdır. Zor tətbiqi nəticəsində Ermənistanı tərk etmiş azərbaycanlı qaçqınların sayı 4 min nəfərə çatmışdır. |
19 fevral | DQMV Partiya Komitəsinin geniş büro iclasında mitinqlərin keçirilməsinə səbəb kimi Azərbaycan tərəfindən yaradılan sosial-iqtisadi problemlər göstərilmişdir. Büronun qərarını Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq qərara
alınmışdır. İrəvanda anti-türk çağırışları səsləndirilən mitinq keçirilmişdir. “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” millətçi şüarları irəli sürülmüşdür. |
20 fevral | Xankəndində Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul edilmiş qərara anlaşıqlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. |
21 fevral | Sov.İKP MK-nın Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətlə bağlı məsələ müzakirə
etmiş, Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinə vəziyyəti normallaşdırmaq tapşırılmışdır. Ermənilər İrəvanda qalmış son məscidi də dağıtmışlar. |
22 fevral | Sov.İKP MK katibi G.Razumovski Xankəndində vilayət partiya fəallarının yığıncağında
mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini güdən tələblərin millətlərarası
münasibətlərə ziyan vurduğunu, əgər ciddi tədbirlər görülməsə ağır nəticələrə gətirib
çıxaracağını demişdir.
Ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Ağdam rayonunun sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi- Ağdam yolunda qarşıdurma olmuş, 19 nəfər yaralanmışdır. |
22-23 fevral | “DQMV Azərbaycanın ayrılmaz tərkib hissəsidir” şüarları ilə Bakıda və Sumqayıtda ilk mitinqlər keçirilmişdir. |
23 fevral | Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris Gevorkovu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş, həmin vəzifəyə qatı millətçi Henrix Poğosyan seçilmişdir. |
24 fevral | Bakıda və İrəvanda keçirilən respublika partiya fəallarının yığıncaqlarında Dağlıq
Qarabağ məsələsi müzakirə edilmişdir.
İrəvanda fəaliyyət göstərən və DQMV-də erməni separatizminin qızışdırılmasında təhrikçi rol oynayan “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışlar. Etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etmişlər. |
26 fevral | Kremldəki erməni lobbisinin başçısı, baş katibin köməkçisi Karen Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdir. Saatyarım müddətdə onlar M.Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar. Sov.İKP MK-nın katibi V.Dolgixinin Ermənistan televiziyası ilə çıxış edərək Dağlıq Qarabağ məsələsinə Kremldə kompleks şəklində baxılacağı barədə söylədikləri erməni separatçılarını daha da ruhlandırmışdır. |
26 fevral | Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına və
zəhmətkeşlərinə televiziya ilə müraciət etmişdir.
Sov.İKP MK-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Bakıda olarkən İttifaq respublikaları arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışmışdır. |
27 fevral | Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens
Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirərək
onları təlimatlandırmışdır.
Xankəndində bütün müəssisələr işini dayandırmışdır. “Bizə nə su, nə çörək, ancaq anamız Ermənistan lazımdır!”, “Azərbaycanla – heç vaxt!” şüarları altında şəhərdə mitinq keçirilmişdir. |
27-28 fevral | Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədilmişdir. 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdir. İstintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. İstintaq müəyyən etmişdir ki, iğtişaşlar zamanı E.Qriqoryan daha çox qəddarlıq edərək 5 ermənini qətlə yetirmişdir. |
1 mart | Sumqayıtda baş verən iğtişaşlardan sonra şəhəri tərk edən ermənilərin bir qismi Xankəndinə gəlmişlər. |
2 mart | Azərbaycanlı qaçqınların yeni dalğası başlanmışdır. Ermənistanın kəndlərindən
qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan və ona qonşu rayonlarına gəlmişlər. Xankəndində Sumqayıtda öldürülən ermənilərə əvvəlcədən hazırlanmış abidə qoyulmuşdur. |
6 mart | Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin geniş büro iclasında DQMV-nin adının dəyişdirilərək Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti adlandırmaq qərara alınmış və onun təsdiqi üçün Sov.İKP MK-ya müraciət edilmişdi. |
9 mart | Sov.İKP MK-da keçirilən müşavirədə hər iki respublikanın partiya rəhbərlərinin məlumatları dinlənilmişdir. |
10 mart | Ermənistanın Zəngibasar (Masis) rayonunun Mehmandar kəndinə ermənilər basqın etmiş, 5 nəfəri qətlə yetirmişlər. |
17 mart | Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin plenumu DQMV-nin Ermənistana birləşdirilməsi haqqında məsələ müzakirə etmişdir. |
22 mart | Martın 21-də “Pravda” qəzetində dərc olunmuş “Emosiya və zəka (Эмоции и разум)” məqaləsindən narazı qalan ermənilər Xankəndində tətillərə başlamışlar. |
23 mart | SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətlə bağlı məsələ müzakirə edilmişdir. Qəbul edilmiş qətnamədə qeyd edilirdi ki, milli-ərazi quruluşunun hakimiyyət orqanlarına təzyiq vasitəsilə dəyişdirilməsinə cəhdlərin edilməsi yolverilməzdir. |
24 mart | Sov.İKP.MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR-in
DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” birgə qərar
qəbul etmişdir. Xalqlar arasında nifaq salmaq işində təqsirləndirilən separatçı “Krunk” təşkilatının fəaliyyəti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə qadağan edilmişdir. Həmin gün Xankəndi şəhər İcraiyyə Komitəsi “Krunk” təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici komitə kimi tanımışdır. |
8 aprel | Ermənilərin Zəngibasar (Masis) rayonunun Sarvanlar kəndinə basqını nəticəsində üç nəfər kənd sakini ağır bədən xəsarəti almışdır. |
24 aprel | Xankəndi şəhər İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə olaraq uydurma erməni soyqırımını anma mərasimi keçirilmişdir. |
Mayın 1-ci ongünlüyü |
Ermənistandan yenə min nəfər azərbaycanlı qaçqın gəlmişdir. |
3 may | Erməni separatçıları DQMV-nin Tuğ kəndində Ermənistan SSR-in bayrağını qaldıraraq iğtişaşlar törətmişlər. |
11 may | Ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla nəfər yaralanmış, evlər yandırılmışdır. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək çadırlarda yaşamaq məcburiyyətində qalmışdır.
Ermənilərin İrəvandakı M.F.Axundov adına orta məktəbə və C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına basqınlarından sonra həmin müəssisələr öz fəaliyyətlərini dayandırmışlar. DQMV Vilayət Prokurorluğuna azərbaycanlı B. Bayramovun müavin təyin edilməsinə etiraz olaraq Xankəndində mitinq keçirilmişdir. |
13 may | Ermənilər Xankəndində azərbaycanlıların yaşadıqları məhəllələrə hücum etmişlər. 6 nəfər yaralanmışdır. |
16 may | Xankəndindəki Pedaqoji İnstitutun azərbaycanlı tələbələrini erməni tələbə və müəllimlər instituta buraxmamışlar. Bu hadisə iyunun 6-da da təkrarlanmışdır. |
18 may | Bakıdakı “Azadlıq” meydanında (keçmiş V.İ.Lenin adına meydan) azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq mitinq keçirilmişdir. |
21 may | Kremlin tövsiyəsi ilə Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın birinci katibi
seçilmişdir.
Sov.İKP MK-nın katibi Y.Liqaçov DQMV-nin Ermənistana birləşdirilməsinin yolverilməz olduğunu bildirmişdir. DQMV Xalq Deputatları Sovetinin sessiyasında SSRİ Ali Sovetinə Ermənistan SSR Ali Sovetinin qərarını müdafiə etmək və DQMV-ni müvəqqəti olaraq Azərbaycanın tərkibindən çıxarmaq haqqında müraciət qəbul olunmuşdur. |
22 may | Sov.İKP.MK-nın katibi Y.K.Liqaçovun Bakıda olarkən guya DQMV məsələsinin həll olunduğu və bir daha müzakirə olunmayacağı barədə fikir söyləməsinə etiraz olaraq Xankəndində üçüncü tətil dalğası başlanmışdır. |
İyunun 1-ci ongünlüyü |
Azərbaycanı bir daha qaçqın dalğası bürümüşdür. Bir neçə gün ərzində Ermənistandan 2 min nəfər gəlmişdir. DQMV-də azərbaycanlılar iş yerlərinə buraxılmamışlar. Onlardan vilayəti tərk etmək tələb olunmuşdur. |
11 iyun | Bakının “Vorovski” adlanan qəsəbəsində Krasnodardan gəlmiş erməni terrorçusu Aleksandr Aqabekyan milis serjantı Fazil İsmayılovu odlu silahla qətlə yetirmişdir. |
14 iyun | Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikaya daha 4 min qaçqın gəlmişdir. |
15 iyun | Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə qəbul edilməsi xahişi ilə bağlı müraciətinə müsbət cavab vermək haqqında qərar qəbul etmişdir. |
17 iyun | Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sovetinin 15 iyun tarixli qərarının qəbuledilməzliyi haqqında qərar qəbul etmişdir. |
19-20 iyun | Ermənilər Zəngibasar (Masis) rayonunun Zəhmət, Zəngilər, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə hücumlar etmiş, əhali Sovet-Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdur. |
İyunun 3-cü ongünlüyü |
Ermənistandakı mürəkkəb vəziyyət yeni qaçqın axınına səbəb olmuşdur. Onlar çadır şəhərciklərində yerləşdirilirlər. |
4 iyul | DQMV İcraiyyə Komitəsi Ermənistandan gələn azərbaycanlı qaçqınların Şuşada və onun ətraf kəndlərində yerləşdirilmələrini qadağan edən qərar qəbul etmişdir. |
9 iyul | Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərilmişlər. |
12 iyul | DQMV Xalq Deputatları Sovetinin sessiyası muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. |
13 iyul | Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti DQMV Xalq Deputatları Soveti sessiyasının 12 iyul 1988-ci il tarixli qərarını qeyri-qanuni hesab etmişdir. |
18 iyul | SSRİ Ali Sovetinin Rəyasət Heyəti geniş iclasında “Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ barəsində qərarları haqqında” məsələni müzakirə etmiş, mövcud sərhədlərin və milli-ərazi bölgüsünün dəyişdirilməsini qeyri-mümkün hesab etmişdir. |
19 iyul | DQMV Xalq Deputatları Sovetinin sessiyası növbəti dəfə DQMV-nin Azərbaycanın tərkibindən çıxması barədə antikonstitusion qərar qəbul etmişdir. |
21 iyul | Ermənilərin Kalinino rayon mərkəzində yaşayan azərbaycanlılara hücumu nəticəsində 86 yaşlı Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarla adam yaralanmışdır. |
26 iyul | Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə iclasında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul tarixli qərarı müzakirə edilmiş, SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın şöbə müdiri Arkadi Volskini xüsusi səlahiyyətlərlə Sov.İKP MK-nın və SSRİ Ali Soveti Rəyasət Heyətinin nümayəndəsi kimi DQMV-yə göndərməyi qərara almışdır. |
20 avqust | Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən çıxarılmaları tələbi irəli sürülmüşdür. |
24 avqust | DQMV Xalq Deputatları Sovetinin sessiyası bir daha DQMV-nin Azərbaycanın inzibati tabeçiliyindən çıxarılıb Ermənistana tabe etdirilməsi barədə qərarı müdafiə etdiyini bəyan etmişdir. |
3 sentyabr | Xankəndi şəhəri yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan kəndi ov tüfənglərindən atəşə tutulmuşdur. Üzərində “Azərbaycanlılar, Artsax torpağında sizlərə yer yoxdur!” sözləri yazılan vərəqələr yayılmışdır. |
8 sentyabr | Xankəndi şəhərindəki vətəndaş xidməti bürosunda sifarişçilərin böyük məbləğdə aldadılması ilə bağlı respublika prokurorluğunda cinayət işinin açılmasına cəhd edilməsinə etiraz əlaməti olaraq daha bir tətil edilmişdir. |
12 sentyabr | Xankəndi şəhərində müxtəlif qanun pozuntusuna görə saxlanılanların azad edilməsi tələbi ilə çıxış edən 3 min erməni vilayət prokurorluğuna hücum etmiş, qapı- pəncərələri sındırmışlar. Prokurorluq işçiləri hərbçilərin müşayiəti ilə binanı tərk edərək canlarını qurtarmışlar. |
18 sentyabr | Xankəndi şəhərində keçirilən mitinqdən ayrılan 3-5 min erməni azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum etmişlər. Atışma nəticəsində 1 nəfər ölmüş və 1 neçə nəfər yaralanmışdır. |
18-23 sentyabr | Ermənilər Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə basqınlar etmiş, 42 azərbaycanlı evi yandırılmışdır. Nəticədə 16 min nəfərlik azərbaycanlı əhalisi şəhəri tərk etməyə məcbur olmuşlar. Onların xeyli hissəsi Şuşa şəhərinə qaçmağa məcbur olmuşlar. |
21 sentyabr | DQMV ərazisində və Ağdam rayonunda xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdir. |
1 oktyabr | M.Qorbaçov SSRİ Ali Soveti Rəyasət heyətinin sədri seçilmişdir. |
4 oktyabr | SSRİ ALİ Soveti Millətlər Sovetinin sədri A.E.Voss başda olmaqla Millətlər Sovetinin milli məsələlər üzrə deputat komissiyası vəziyyəti öyrənmək üçün DQMV-yə səfər etmişdir. |
16 noyabr | Ermənilər Şuşanın yaxınlığındakı Topxana meşəsində qanunsuz olaraq meşəni qırıb yerində İrəvandakı Kənəker alüminium zavodunun sexinin və istirahət kompleksinin tikintisinə başlamışlar. |
17 noyabr | Azərbaycanda Xalq Hərəkatı başlanmışdır. (Hazırda 17 noyabr Milli Dirçəliş günü kimi rəsmi dövlət bayramı kimi qeyd edilir). Topxana meşəsində qanunsuz tikintiyə görə Bakıdakı “Azadlıq” meydanında 500 min nəfərdən artıq nümayişçinin cəmləşdiyi etiraz mitinqi keçirilmişdir. |
18 noyabr – 5 dekabr |
Bakıdakı “Azadlıq” meydanında SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində tutduğu ikiüzlü mövqeyə, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz əlaməti olaraq mitinqlər keçirilmişdir. |
22 noyabr | Ermənistan SSR Ali Sovetinin sessiyanın keçirildiyi Opera teatrının binasına mitinq iştirakçılarının hücumundan sonra sessiyasının gedişi dayandırılaraq rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirsinlər.
Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. |
23 noyabr | Topxanada aparılan qanunsuz tikinti dayandırılmışdır |
24 noyabr | Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdir. Ermənistan ərazisindən Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə hücum edilmiş, Eyvazlı kəndi tamamilə yandırılmışdır. |
26-27 noyabr | Kirovakan şəhərinə bitişik Vartanlı (Şaumyan) kəndinə ermənilərin silahlı hücumu nəticəsində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə yol gedərək 13-14 gün ərzində Azərbaycana gəlib çatmışlar. |
27 noyabr | Ermənilər Zəngibasar (Masis) rayonunun Zəhmət kəndinə basqın etmişlər. 5 nəfər qətlə yetirilmişdir. |
28 noyabr | Quqark rayonunun Saral və Qursalı kəndlərindən Azərbaycana yola düşən maşın karvanına Spitak rayonunun ərazisində ermənilərin basqınları nəticəsində 3 nəfər qətlə yetirilmiş, 7 nəfər yaralanmışdır.
Ermənilərin Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya və Zod kəndlərinə silahlı basqınlarından sonra əliyalın əhali qarlı dağları aşaraq Azərbaycana gələrkən yolda 12 nəfər şaxtadan ölmüşdür. |
30 noyabr | Ermənilər Stepanavan (keçmiş Cəlaloğlu) rayonunun Qarqar kəndində yaşayan
azərbaycanlılara hücum etmiş, kənd sakini Bəsti Mustafayevanı qarət etdikdən sonra
üstünə neft töküb diri-diri yandırmışlar. Ermənilər Quqark rayonunun Gözəldərə kəndinə basqın etmişlər. |
1 dekabr | İrəvanda “Qarabağ Komitəsi”nin üzvləri həbs edilmişlər. |
5 dekabr | Qoşunların köməyilə gecə “Azadlıq” meydanı mitinq iştirakçılarından təmizlənmişdir. Nümayişçilərlə toqquşma nəticəsində 3 nəfər həlak olmuşdur. |
6-7 dekabr | BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni lobbisinin görüşü olmuşdur. Ermənilər M.Qorbaçova xristianlığa aid qədim bir əlyazma, İ.Ayvazovskinin rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus olmuş zərgərlik əşyalarını, Raisa Qorbaçovaya qiymətli qolbağı һədiyyə etmişdilər. Cəmisi üç ay SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində işləyən Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda һazırlanmış qiymətli məcməyi və 6 stəkanaltı һədiyyə göndərmişdilər. |
7 dekabr | Ermənistanda zəlzələ baş vermişdir. Fürsətdən istifadə edərək humanitar yardım adı altında xaricdən Ermənistana külli miqdarda silah-sursat gətirilmiş, sonradan həmin silah və sursat müxtəlif yollarla Dağlıq Qarabağa daşınaraq azərbaycanlılara qarşı istifadə edilmişdir. |
8 dekabr | Sov.İKP MK-nın baş katibi M.Qorbaçov Nyu-Yorka səfərini yarımçıq saxlayaraq Ermənistana zəlzələ zonasına gəlmişdir. İrəvanda keçirilən mitinqdə Ermənilər yardım deyil, Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişlər. |
11 dekabr | Respublika Hərbi Komissarlığının və Mülki Müdafiə Qərargahının zəlzələdən zərər çəkənlərə yardım etmək üçün səfərbər edib Gümrüyə (Leninakana) göndərdiyi, içərisində müxtəlif peşə sahibləri (69 sərnişin, 9 ekipaj) olan “İL-76” təyyarəsi Gümrü yaxınlığında qəsdən qəzaya uğradıldı. Qəzadan yalnız bir nəfər sağ çıxdı. Lakin həmin qəzanın səbəblərini araşdırmaq üçün heç bir komissiya yaradılmadı. |
Dekabrın 2-ci
ongünlüyü |
Ermənistandan deportasiya edilən azərbaycanlı qaçqınlar qarlı aşırımlardan piyada aşaraq kütləvi surətdə Azərbaycana gəlmişlər. Mülki aviasiyanın vertolyotları xilasetmə əməliyyatlarına cəlb edilmişlər. |
15 dekabr | Sov.İKP MK “Azərbaycan SSR-in və Ermənistan SSR-in bəzi vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında” qərar qəbul etmişdir. Bakını tərk edən ermənilər bundan sonra kütləvi surətdə geri qayıtmağa başlamışlar. |
1989
|
|
28 yanvar | A.Volski Ermənistana gedərək Dağlıq Qarabağ məsələsini müzakirə etmişdir. |
2 aprel | Rusiyadan olan deputat Qalina Starovoytovanın başçılığı ilə Ermənistandan 40 nəfər anti-Azərbaycan təbliğatı aparmaq üçün Xankəndinə gəlmişdir. |
19 aprel | 10 minlərlə erməninin zəlzələdən dağılmış Spitakdan Xankəndinə köçməsi haqqında yayılan xəbərlərə etiraz əlaməti olaraq Bakıda nümayiş keçirilmişdir. |
20 aprel | SSRİ Ali Soveti daimi yaşayış yerlərini müvəqqəti tərk etmiş azərbaycanlı və erməni millətindən olan şəxslərə köməklik göstərilməsi haqqında qərar qəbul etmişdir |
27 aprel | Azərbaycan SSR Nazirlər Soveti Ermənistandan gələn qaçqınların Abşeron rayonunun Altıağac-Xızı zonasında yerləşdirilməsi haqqında qərar qəbul etmişdir. |
Mayın 1-ci ongünlüyü |
DQMV-də iş yerindən qovulmuş azərbaycanlıların işlə təmin edilməsi üçün muxtar vilayətin azərbaycanlı kəndlərində sənaye obyektlərinin inşasına etiraz əlaməti olaraq ermənilər Xankəndində tətil etmişlər. İrəvanda həbs edilmiş “Qarabağ Komitəsi”nin üzvləri azadlığa buraxılmışlar. |
5 may | “Sovetskiy Karabax” qəzeti tərəfindən Sov.İKP MK-nın baş katibi M.Qorbaçova açıq məktub ünvanlanmış və Azərbaycan hakimiyyətini təhqir edən, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılmayacağı təqdirdə kütləvi iğtişaşlar törədiləcəyi təhdidi ilə xüsusi nömrəsi buraxılmışdır. |
6 may | SSRİ Nazirlər Sovetinin qərarı ilə DQMV-dəki müəssisələr Azərbaycan SSR-in tabeçiliyindən çıxarılmışdır. |
18 may | Xankəndi Şəhər Sovetinin sessiyasında vilayətdə xüsusi idarəçilik formasının ləğvi, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında 20 fevral 1988-ci il tarixli qərarın təsdiq edilməsi üçün SSRİ xalq deputatlarının qurultayına müraciət qəbul edilmişdir. |
19 may | Sov.İKP MK Siyasi Bürosunun Millətlərarası Münasibətlər Komissiyasının iclasında DQMV haqqında məsələ müzakirə edilmişdir. |
25 may | SSRİ xalq deputatlarının 1-ci qurultayında SSRİ Ali Sovetinin Dağlıq Qarabağ üzrə komissiyasının yaradılması qərara alınmışdır. |
31 may | SSRİ xalq deputatlarının qurultayında 1989-cu il aprelin 9-da Tbilisi şəhərində güc strukturları ilə toqquşma nəticəsində 9 nəfərin ölümü ilə nəticələnən hadisənin təhqiqi üçün komissiya yaradılması haqqında qərar qəbul edilmişdir. (Lakin 1990-cı il yanvarın 20-də Bakıda 100-dən artıq əliyalın əhalinin qətlə yetirilməsi ilə nəticələnən qanlı olayla bağlı SSRİ Ali Soveti analoji addım atmadı). |
1 iyun | SSRİ xalq deputatlarının qurultayında çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov ermənilərin Azərbaycana qarşı ərazi iddiasından, Dağlıq Qarabağda baş qaldıran erməni separatizmindən bir kəlmə də olsun danışmamışdır. |
8-9 iyun | Xankəndi şəhərində keçirilən “Qarabağ hərəkatı”nın yığıncağında respublika və mərkəzi hakimiyyət orqanlarına itaətsizlik göstərmək və təxribatlar törətmək qərara alınır. |
13 iyundan etibarən |
Xüsusi İdarə Komitəsinin ermənipərəst mövqeyi sayəsində DQMV ərazisindəki azərbaycanlı yaşayış məntəqələrinin blokadası başlanmışdır. |
28 iyun | Ermənilər tərəfindən Bədərə kəndindən Meşəli kəndinə gedən şose yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışlar. |
7 iyul | Xankəndi yaxınlığındakı Kərkicahan kəndi gecə odlu silahlardan atəşə tutulmuşdur. Daxili qoşunların sayəsində qarşıdurma dayandırılmışdır. |
8 iyul | Sonralar Ermənistan Respublikasının prezidenti olmuş Robert Koçaryanın rəhbərliyi altında Xankəndində “Artsax Erməni Xalq Hərəkatı – “Miasum” (“Birləşmə”) hərəkatının təsis konfransı keçirilmişdir. |
10 iyul | Ermənilər Ağdam-Şuşa yolunu bir neçə yerdən dəmir-beton lövhələrlə və teleqraf dirəkləri ilə kəsmişlər. Yolun təmizlənməsi zamanı Xankəndində yaşayan bir qrup erməni hərbçilərə hücum etmiş, onlara silahlardan atəş açmış, 19 hərbçini yaralamışlar. Buna cavab olaraq kərkicahanlılar da Xankəndi yolunu daşlarla bağlamışlar. |
11 iyul | Xankəndində 3 azərbaycanlıya basqın edilmişdir. Onlardan 2-si öldürülmüş, 1-i ağır yaralanmışdır. |
20 iyul – 27 iyul | SSRİ Ali Sovetinin DQMV üzrə komissiyası muxtar vilayətdə işləmişdir. |
22 iyul | Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ABŞ Senatının ermənilərin xeyrinə olan 19 iyul tarixli qətnaməsinə qarşı etiraz bəyanatı qəbul etmişdir. |
26 iyul | Keçmiş Şaumyan (kənd) Xalq Deputatları Rayon Sovetinin növbədənkənar sessiyası rayonun DQMV-nin tərkibinə daxil edilməsi haqqında qanunsuz qərar qəbul etmişdir. |
29 iyul | Azərbaycandan Ermənistana gedən qatarlar Ermənistan ərazisində basqınlara məruz qaldığına görə onların hərəkəti dayandırılmışdır. Naxçıvan MSSR blokada vəziyyətinə düşmüşdür. |
29 iyul -6 avqust | Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Bakıda mitinqlər keçirilmiş, DQMV-də Xüsusi İdarə Komitəsinin ləğvi və Azərbaycanın suveren hüquqlarının bərpası tələb edilmişdir. |
31 iyul | Ermənistanın Gorus rayonundan Xankəndinə tikinti materiallarının altında silah daşıyan 13 maşın Laçın rayonu ərazisində saxlanılmışdır. Toqquşma baş vermiş, nəticədə 7 azərbaycanlı və bir neçə erməni sürücüsü və hərbçi yaralanmışdır. |
1 avqust | Ermənistanın Ararat (keçmiş Vedi) və Azərbaycanın Şərur (keçmiş İliç) rayonlarının sərhədində, Kərki kəndinin yaxınlığında silahlı toqquşma olmuşdur |
16 avqust | Xankəndində “DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı” keçirilmişdir. Qurultayda DQMV müstəqil İttifaq ərazisi elan edilmişdir. DQMV-də hakimiyyəti Milli Şura adlanan qeyri-qanuni qurum mənimsəmişdir. |
20 avqust | DQMV Milli Şurasının qərarı ilə 17 yaşından 50 yaşınadək bütün ermənilər “milli müdafiə dəstələri”nə cəlb edilmişlər. |
25 avqust | SSRİ Rabitə nazirinin əmri ilə Dağlıq Qarabağın rabitə sisteminin Leninqrad vilayətinin rabitə idarəsinə tabeçiliyi ləğv edilmişdir. |
27 avqust | “DQMV əhalisinin səlahiyyətli nümayəndələri qurultayı”nın 16 avqust 1989-cu il tarixli qərarını Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qanunsuz hesab etmişdir. |
2 sentyabr | Sov.İKP MK-da Azərbaycan və Ermənistan MK-larının büro üzvlərinin və üzvlüyə namizədlərinin görüşü keçirilmişdir. |
Sentyabrın 1-ci ongünlüyü |
“DQMV əhalisinin səlahiyyətli nümayəndələrinin qurultayı”nın qərarı Bakıda vəziyyətin gərginləşməsinə səbəb olmuş, şəhərdə mitinqlər və tətillər başlanmışdır. |
9 sentyabr | Bakıda keçirilən mitinqdə DQMV-də Xüsusi İdarə Komitəsinin buraxılması və Azərbaycanın bütün ərazisində onun suveren hüquqlarının bərpası tələb edilmişdir. |
15 sentyabr | Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında DQMV-də Xüsusi İdarə Komitəsinin ləğvi, iqtisadi müstəqilik haqqında qanun layihəsini hazırlamaq haqqında qərar qəbul etmişdir. |
16 sentyabr | Ermənilərin Tiflis-Bakı marşrut avtobusunda törətdikləri terror aksiyası nəticəsində 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır. |
18 sentyabr | Ağdam şəhərinin yaxınlığındakı yolun təmizlənməsi üçün göndərilmiş hərbçilərlə sakinlər arasında toqquşma olmuşdur. Hərbçilərin əliyalın əhaliyə qarşı silah tətbiq etməsi vəziyyəti gərginləşdirmişdir. Nəticədə SSRİ DİN-in 2 əməkdaşı öldürülmüşdür. |
20 sentyabr | Ermənilər Basarkeçər rayonu ərazisindən Gəncə geoloji kəşfiyyat dəstəsinin Kəlbəcər rayonunun Söyüdlü yatağındakı sahəsinə partlayıcı qurğu qoyaraq mədəni partlatmışlar. Nəticədə bir nəfər yaralanmış, 4 ev yandırılmış, bütün texnika məhv edilmişdir. |
22 sentyabr | Xankəndi elektrotexnika zavodunun işçiləri Ağdam-Şuşa istiqamətində hərəkət edən azərbaycanlılara məxsus avtomaşınlara hücum etmişlər. |
23 sentyabr | Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edilmişdir. |
Sentyabrın son ongünlüyü |
Ermənistan ərazisində qatarlara edilən hücum Azərbaycan dəmir yolçularını tətilə sövq etmişdir. Ermənistana ünvanlanan yüklər yollarda ilişib qalmışdır. |
3 oktyabr | SSRİ Ali Sovetinin sessiyasında çıxış edən yazıçı Anar Rzayev ermənilərin Azərbaycana qarşı ərazi iddiasına Kremlin seyrçi münasibətini pisləmişdir. |
5 oktyabr | Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan Xalq Cəbhəsini rəsmi qeydə almışdır. |
6 oktyabr | Azərbaycan və Ermənistan arasında qatarların hərəkəti bərpa olunmuşdur. |
7 oktyabr | Şuşa ilə Ağdamı bağlayan Xəlfəliçay körpüsü gecəyarısı partladılmışdır. Şuşa rayonu faktiki olaraq blokada vəziyyətinə düşmüşdür. Cinayəti törədən erməni həbs olunmuşdur. |
16 oktyabr | İki nəfər Kərkicahan qəsəbə sakinləri evə qayıdarkən ermənilər tərəfindən qətlə yetirilmişlər. |
19 oktyabr | Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilmişlər. |
Oktyabrın 2-ci ongünlüyü |
Ermənilər əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonuna gedən yolları blokadaya almışlar. |
14 noyabr | Qubadlı rayonunun Seytas kəndi yaxınlığında kənd sakini İnqilab Babaşov qətlə yetirilmiş, azyaşlı Xəyyam Əliyev yaralanmışdır. |
17 noyabr | Hadrut rayonunun Tuğ kəndində 9-cu sinif şagirdi Teyyub Süleymanov qətlə yetirilmişdir. |
Noyabrın 2-ci ongünlüyü |
Ermənistana gedən dəmir yolları yenidən blokadaya alınmışdır. Ermənistan SSR ərazisində Azərbaycana məxsus qatarlara yenidən basqınlar edilmişdir. |
24 noyabr | Üç nəfər Qaradağlı kənd sakini qətlə yetirilmişdir. |
28 noyabr | SSRİ Ali Soveti “DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında” qərar qəbul etmişdir. DQMV Xüsusi İdarəetmə Komitəsini ləğv etmək, vilayətin Xalq Deputatları Sovetinin fəaliyyətini bərpa etmək, DQMV üzrə respublika təşkilat komitəsi yaratmaq qərara alınmışdır. |
29 noyabr | Ermənilər Qubadlı rayonunun sakinləri Qaçay Ələkbərovu, Telman Hümbətəliyevi və Mehdi Mehdiyevi qətlə yetirmişlər. |
1 dekabr | Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” anti-konstitusion qərar qəbul etmişdir. Xankəndində Ermənistan bayrağı qaldırılmış, muxtar vilayətin idarə və müəssisələri bütünlüklə Ermənistana tabe etdirilmişdir. |
Dekabrın 1-ci
və 2-ci ongünlüyü |
Ermənistan ərazilərindən Azərbaycanın sərhəd kəndlərinə çoxsaylı basqınlar qeydə alınmışdır. Ermənistandan gətirilən quldur dəstələri Xanlar və Şaumyan kənd rayonlarında yerləşdirilmişlər. |
6 dekabr | Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan KP MK-nın 2-ci katibi Viktor Polyaniçkonun rəhbərliyi ilə Respublika Təşkilat Komitəsi yaradılmışdır. |
7 dekabr | Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarını Azərbaycan SSR suverenliyinə yolverilməz müdaxilə və onun ərazi bütövlüyünə qəsd kimi qiymətləndirmişdir |
14 dekabr | Şərurun Sədərək, Günnüt və Havuş kəndləri ermənilər tərəfindən güclü atəşə tutulmuşdur. Erməni terrorçuları Xocavənd (Martuni) rayonunun Qaradağlı kənd sakini Tofiq Məmmədovun evini bomba ilə partlatmışlar. |
20 dekabr | Ermənilər Kərkicahan kəndinə hücum etmiş, 2 nəfəri güllə ilə yaralamışlar. |
23 dekabr | Xanlar rayonunun Azad kəndi ilə Hacıkənd kəndini birləşdirən körpünü partladarkən 2 erməni terrorçusu ölmüş 2-si isə yaralı ələ keçmişdir. |
31 dekabr | Moskvanın Azərbaycana qarşı tutduğu qərəzli mövqeyinə, sərhəd rejiminin sadələşdirilməməsinə etiraz əlaməti olaraq Naxçıvan ərazisində Ordubaddan Sədərəyədək 137 km SSRİ-İran sərhəd qurğuları sökülmüşdür. (Hazırda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmi dövlət bayramı kimi qeyd edilir). |
1990
|
|
2 yanvar | Dağlıq Qarabağın ərazisində erməni ekstremistləri milis məktəbinin kursantlarını daşıyan avtokolonu daş-qalaq etmiş və atəşə tutmuşlar. Kursantların cavab atəşi nəticəsində bir erməni öldürülmüşdür. |
4 yanvar | Erməni terrorçuları Əsgəran-Ağdam körpüsünü partlatmışlar. |
5 yanvar | Erməni terrorçuları Şuşa şəhərini su ilə təmin edən boru kəmərini partlatmışlar. Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov Ə.Vəzirovun müşayiəti ilə Naxçıvan MSSR-ə getmişlər. Naxçıvan şəhərində mitinq keçirilmiş, əhali İttifaq rəhbərliyindən Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmasını, erməni təcavüzünün qarşısının alınması üçün ciddi tədbirlər görülməsini tələb etmişdir. |
6 yanvar | Erməni terrorçuları Ağdam şəhərində təzə istifadəyə verilmiş avtovağzal binasını partlatmış, nəticədə 2 nəfər həlak olmuşdur. |
8 yanvar | Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanovun iştirakı ilə Azərbaycan KP MK-da müşavirə keçirilmişdir. |
9 yanvar | Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri
R.Nişanov Xankəndinə getmək istəmişlər. Lakin ermənilər aeroport yolunu blokadaya
almış, daxili qoşunların əsgərlərinə atəş açmış, cavab atəşi nəticəsində 3 erməni yaralanmışdır. A.Girenko və R.Nişanov aeroportdan Bakıya qayıtmağa məcbur olmuşlar. Bu hadisəni ermənilər “xalqın böyük qələbəsi” adlandırmışlar.
1990-cı il üçün plan və büdcə məsələlərini müzakirə edən Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin, Şaumyan (kənd) rayonunun və Xanlar rayonunun Çaykənd kəndinin sosial-iqtisadi inkişaf planını öz fəaliyyət dairəsinə daxil etmişdir. Qaradağlı kəndi N.Nərimanov adına kolxozun sədri S.Bayramov qətlə yetirilmişdir; |
10 yanvar | SSRİ Ali Sovetinin Rəyasət Heyəti “SSRİ-nin Dövlət Sərhədi haqqında qanunun Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması barədə”, “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” və “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirləri haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1989-cu il 4 dekabr tarixli qərarının müddəalarının səlahiyyətsizliyi barəsində” qərarlar qəbul etmişdir. |
11 yanvar | Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının 9 yanvar tarixli qərarını respublikanın suverenliyinin kobudcasına pozulması və yenidənqurmaya qarşı diversiya kimi qiymətləndirmişdir. |
12 yanvar | Azərbaycan Xalq Cəbhəsinin radikallar qanadı Milli Müdafiə Şurası və özünümüdafiə
dəstələri təşkil etmişdir.
Ermənistandan 20 vertolyotla gələn 500 nəfərlik silahlı quldur dəstəsinin Xanlar rayonunun Quşçu kəndinə hücumu nəticəsində onlarla dinc sakin yaralanmış və qətlə yetirilmişdir. |
13-14 yanvar | Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq ermənilərə qarşı iğtişaşlar baş vermişdir. Həmin vaxt Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi baş verən hadisələrə seyrçi münasibət göstərmişdir. |
14 yanvar | Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov Azərbaycan SSR Ali
Soveti Sessiyası adından tərtib edilmiş, DQMV-də və zərurət olarsa, ona bitişik
rayonlarda və sərhəd boyunda fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi
köməklik göstərilməsi haqqında saxta qərarı SSRİ Ali Sovetinin Rəyasət Heyətinə
göndərmişdir.
Ermənistandan vertolyotla gələn silahlı quldur dəstəsinin üzvləri Xanlar rayonunun Aşıqlar kəndinə hücum etmiş, bir nəfəri qətlə yetirmiş, bir neçə nəfəri odlu silahla yaralamışlar. Toğana kəndində 3 nəfəri qətlə yetirmiş, 7 nəfəri girov götürmüşlər. |
15 yanvar | SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa
rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamışdır.
Azərbaycan SSR Ali Sovetinə təklif edilmişdir ki, Bakı və Gəncə şəhərlərində və
başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla
lazımi tədbirlər görsün.
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.X.Doqujiyev Bakıya gəlmişlər. “Qarabağ” və Krunk” separatçı təşkilatları “Erməni Ümummilli Hərəkatı”nda birləşərək Azərbaycana qarşı zorakılığı, terroru və hərbi əməliyyatları genişləndirmişlər. Ermənilər Laçın rayonunun Hacılar kəndinin çobanı Allahverdi Əbdüləzimovu qətlə yetirmiş, qoyun sürüsünü oğurlayıb aparmışlar. |
15-17 yanvar | SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdir. Bakının hərbi komendantlığı heç bir ehtiyac olmadığı halda, rusdilli əhalini və hərbi qulluqçuların ailələrini Azərbaycandan köçürməyə başlamışdır. Milli müdafiə dəstələrinin təşəbbüsü ilə şəhərin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında avtomaşınlar düzülməklə barrikadalar qurulmuş, piketlər təşkil edilmişdir. |
17 yanvar | Azərbaycan KP MK-nın binasının qarşısında izdihamlı mitinq başlanmış və ümumi tətil elan olunmuşdur. Tələb edilmişdi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və
Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin.
SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov və Sov.İKP MK-nın katibi A.Girenko Xalq Cəbhəsinin nümayəndələri və Qaçqınlar Cəmiyyətinin rəhbərləri ilə görüşmüşlər. |
18 yanvar | Moskvanın Azərbaycana qarşı tutduğu qərəzli mövqeyinə etiraz əlaməti olaraq Biləsuvar və Cəlilabad rayonlarının ərazisində sərhəd qurğularının bir hissəsi sökülmüşdür. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur. |
19 yanvar | Respublika rəhbərliyinin istefası tələbi ilə Azərbaycan KP MK-nın binası qarşısında mitinqlər davam etmişdir. Moskvanın Bakıya göndərdiyi nümayəndələr – SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko mitinqin təşkilatçıları ilə görüşlərində qoşunların şəhərə girməyəcəyi barədə vədlər verdilər. Azərbaycan SSR və Naxçıvan MSSR Ali qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətlərinin nəticəsiz qalmasına, Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyünün və vətəndaşlarının həyatının təhlükə qarşısında qalmasına, Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulmasına etiraz əlaməti olaraq Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsi haqqında qərar qəbul etmişdir. Həmin gün Ermənistanın Ararat (Vedi) rayonu ərazisindən Sədərək kəndi atəşə tutulmuş, 8 nəfər, o cümlədən 2 azyaşlı uşaq həlak olmuşdur. Saat 19:27 dəqiqədə Azərbaycan televiziyasının enerji bloku partladılmışdır. Məqsəd fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərmanın əhaliyə çatdırılmasının qarşısını almaqdan və qırğınların miqyasının daha böyük olmasına rəvac verməkdən ibarət idi. Yalnız “Azadlıq” radiosu vasitəsilə dünya birliyi sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər barədə məlumat ala bilmişdi. |
19 yanvar | SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. Saat 21:00-dan etibarən SSRİ müdafiə naziri Dmitri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdaraq, əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. |
20 yanvar | SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilmiş, dinc əhaliyə amansız divan tutulmuşdur. Bakı şəhərində saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər saat 5:30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə dinc sakin yaralanmışdı. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-nə keçən gecə gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir. |
21 yanvar | Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, faciənin Moskvanın və Azərbaycan rəhbərlərinin günahı üzündən baş verdiyini bildirmişdir. Əbdürrəhman Vəzirov öz şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçmışdır. |
22 yanvar | Bakıda “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm mitinqi keçirilmişdir. Respublikada üç gün matəm elan olunmuşdur. Dağüstü parkda – Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində iki milyona yaxın insan iştirak etmişdir. Xalqın və bir qrup deputatın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilmiş, fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanının fəaliyyətinin dayandırılması, ordu hissələrinin şəhərdən çıxarılması, qanlı qırğının təşkilatçılarının, təqsirkarlarının aşkarlanması üçün deputat komissiyasının yaradılması barədə qərar qəbul olunmuşdur. Azərbaycan SSR Ali Soveti Bakıda və bütün Azərbaycanda dinc əhaliyə qarşı görünməmiş cinayət törədilməsi ilə əlaqədar SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı xalqlarına, dünyanın bütün dövlətlərinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına müraciət qəbul etmişdir. |
24-25 yanvar | Azərbaycan KP MK-nın plenumu Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi seçmişdir. Plenumda Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko çıxış etmişlər. Plenumda Bakı şəhərində yanvarın 19-20-də fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin bu komissiya öz işini yarımçıq dayandırmış, faktiki olaraq cinayətin ört-basdır edilməsinə xidmət etmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Həsən Həsənovun Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilməsi haqqında qərar qəbul etmişdir. |
25 yanvar | Azərbaycanda törədilən qırğınların dünya ictimaiyyətinə çatdırılması məqsədilə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyində keçirilməsi planlaşdırılan mətbuat konfransının baş tutmasına imkan verməmək üçün güc strukturları daimi nümayəndəliyə basqın təşkil etmiş, tədbirin təşkilatçıları həbs edilmişdir. |
25-26 yanvar | Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmişdir. Nəticədə 8 nəfər qətlə yetirilmiş, xeyli adam yaralanmışdır. |
27 yanvar | Azərbaycan SSR Ali Soveti "Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarının Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsində" fərman vermişdir. |