Azərbaycan xalqının tarixinə Qanlı Yanvar
faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən
on səkkiz il keçir. Keçmiş sovet dövlətinin
hərb maşınının həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirdiyi vəhşi
terror aktı insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi
bəşər tarixində qara səhifə olaraq
qalacaqdır. Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması,
kütləvi terror nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi
və yaralanması totalitar sovet rejiminin süqutu
ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı
bölmələrin və daxili qoşunların
Bakıya yeridilməsi xüsusi qəddarlıq və
görünməmiş vəhşiliklə müşayiət
edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana,
Əfqanıstana qarşı həyata keçirdiyi
hərbi müdaxiləni hətta o zamankı Sovet
İttifaqının müttəfiq respublikalarından
biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın
da təcavüzünə məruz qalmışdı.
Belə bir şəraitdə sovet rəhbərliyi
nəinki münaqişənin qarşısını
almaq üçün qəti tədbirlər görməmiş,
əksinə, Azərbaycana yeridilən ordu hissələrinin
tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri,
sovet hərbi hissələrində xidmət edən
ermənilər, hətta erməni kursantlar da daxil
edilmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, -
bəzi məlumata görə, onun sayı 60 min
nəfərə çatırdı, - “doyüş
tapşırığını” yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq
keçmişdilər (“Şit” təşkilatı
müstəqil hərbi ekspertlərinin hesabatından):
sizi Bakıya rusları müdafiə etmək üçün
gətirmişlər, yerli əhali onları vəhşiçəsinə
məhv edir; ekstremistlər Salyan kazarmalarının
(Bakıda əsas hərbi qarnizonun yerləşdiyi
ərazi) ətrafındakı evlərin damlarında
snayperlər yerləşdirmişlər, təkcə
bu ərazidə 110 atəş nöqtəsi var;
binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin
yaraqlıları ilə doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının
rəhbərliyi Bakıda “rus və erməni kartından”
məharətlə istifadə etdi. Guya Bakıya
qoşun onları, hərbi qulluqçuların ailələrini
qorumaq, “millətçi ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi.
Əslində isə bu açıq riyakarlıq,
ağ yalan idi. Çünki sovet rəhbərliyinin
“dəlilləri” hətta həqiqətə yaxın
olsaydı belə, Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada
daxili qoşunların 11,5 min əsgəri, Müdafiə
Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı
hərbi hissələri, hava hücumundan müdafiə
qüvvələri var idi. 4-cü ordunun komandanlığı
da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın
19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci
maddələrini kobud şəkildə pozaraq, yanvarın
20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Lakin
SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də
Azərbaycan televiziyasının enerji blokunu partlatdı,
respublikada televiziya verilişləri dayandırıldı.
Gecə isə qoşun fövqəladə vəziyyət
elan edilməsindən xəbərsiz olan şəhərə
daxil oldu və əhaliyə divan tutmağa başladı.
Qorbaçovun fərmanı qüvvəyə minənədək
- yanvarın 20-də saat 00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat
isə əhaliyə yalnız yanvarın 20-də
səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.
Həmin vaxt öldürülənlərin sayı
100 nəfərə çatmışdı. Halbuki,
Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək
vəzifəli emissarlar həyasızcasına bəyan
edirdilər ki, Bakıda fövqəladə vəziyyət
elan olunmayacaqdır. Bax, əli yüzlərlə
insanın qanına batmış, sonralar Nobel sülh
mükafatı (?!) almış Mixail Qorbaçov başda
olmaqla sovet imperiyası rəhbərliyinin rəzil
siması bu idi...
Tanklar, zirehli transportyorlar Bakı küçələrində
qarşılarına çıxan hər şeyi
əzir, hərbçilər hər yanı amansız
atəşə tuturdular. İnsanlar nəinki küçələrdə,
hətta avtobusda gedərkən, öz mənzillərində
oturduqları yerdə güllələrə tuş
gəlirdilər. Yaralıları aparmağa gələn
“təcili yardım” maşınlarını və
tibb işçilərini də atəşə tuturdular.
Bir neçə gün ərzində 137 nəfər
öldürüldü, 700-dək yaralandı, 800-dən
çox adam qanunsuz həbs edildi.
|