Vətən şəhidlərini heç vaxt unutmayacaq
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf
günüdür. Xalqımız bu faciədə
həyatdan getmiş övladlarına matəm saxlamaqla
bərabər, eyni zamanda onların şəhidlik
zirvəsinə baxaraq başını dik tutmalıdır.
Çünki Vətən və torpaq şəhidləri
ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 22-cü
ildönümüdür. 22 il öncə Azərbaycan
xalqının taleyində də nəhs və qorxunc
günlər yaşanırdı. Xalqımız qırmızı
imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının
zoruna məruz qalmışdı. Xalqımız təcavüzə
uğramış, günahsız insanlar gülləbaran
edilmiş, milli heysiyyatımız tankların tırtılları
altına atılmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq,
onun milli oyanışını, torpaq (Qarabağ)
uğrunda mübarizliyini məhv edib sındırmaq
məqsədi daşıyan mənfur planın tərkib
hissəsi idi. ...1990-cı ilin 20 Yanvarından ötən
illəri bir qayda olaraq yalnız kədər, hüzn,
matəm (bu əhvalı ifadə edən sözlərin
sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik,
şəhidlərimizin ruhunu ağı və sızıntı
ilə anmışıq. Ümumxalq hüzn günü
bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq
ki, 20 Yanvar Azərbaycan xalqının tarixində,
sadəcə, ağı və acı ilə xatırlanacaq
gün deyil. 20 Yanvar həm də xalqımızın
şan və şərəf günüdür. Unutmamalıyıq
ki, həmin gün küçələri boyamış
al şəhid qanları bir anlamda milli məfkurəmizin
oyanan günəşinin qırmızı şəfəqini
simvolizə edirdi. Xalqımız həmin gün üstünə
şığıyan dəhşətli kabusa, sovet
hərbiyyəsinin qorxunc qaragürahuna qarşı
sinəsini verməyi və deməli, özünün
mənliyini və mətinliyini nümayiş etdirməyi
bacardı. Məhz həmin hadisələr bilavasitə
nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük
mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının,
suverenliyinin bərpa olunması uğrunda savaşmaq
əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın
istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
Ötən illər ərzində "Qanlı Yanvar"ın
tarixi, mənəvi, siyasi və s. aspektləri analiz
edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən
hüquqi qiymət verilib.
Lakin təəssüf edilməlidir ki, biz indiyədək
bu tarixi dünyaya yetərincə tanıda bilməmişik.
Dünya hələ də 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Azərbaycanda, onun
paytaxtı Bakıda nələrin baş verdiyindən
xeyli dərəcədə səthi informasiyaya malikdir.
...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin
istəyi və SSRİ rəhbərliyinin əmri
ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli
azadlıq hərəkatını boğmaq məqsədilə
Bakıya böyük bir ordu (rəsmi rəqəm
35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə
Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata
keçirdiyi "Udar" adlı əməliyyatda əsas
rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın
"A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda 184
mülki vətəndaş öldürülmüş,
600-dən çox adam yaralanmışdı. Öldürülənlər
arasında beş millətin nümayəndələri,
20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın
indiyədək özündə saxladığı
sirlər çoxdur. 100 cildlik istintaq materialının
69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna
aparılıb və bir daha geri qaytarılmayıb.
Azərbaycan xalqının məruz qaldığı
bu təcavüz indiyədək bəşəriyyət
əleyhinə cinayət kimi beynəlxalq müstəvidə
layiq olduğu təsnifatı almayıb.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik
səlnaməsi kimi pafoslu münasibətlə bərabər,
bir qədər də soyuqqanlı olub, o hadisələrin
gerçək mahiyyətini dünya birliyinin, çeşidli
beynəlxalq təşkilatların önünə
qoymaq barədə düşünməli, 20 Yanvara
beynəlxalq-hüquqi qiymətin verilməsinə
çalışmalıyıq. Artıq 18 il keçib,
biz bu istiqamətdə xeyli ləngimişik. Bu hadisələrin
beynəlxalq müstəvidə gərəkən
tarixi, siyasi və hüquqi qiymət almamasının
səbəbini faicənin ilk günlərində axtarmaq
lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın
o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın
gerçək miqyas və mahiyyətini dünya birliyinin
diqqətinə çatdırmadı, əksinə,
yeritdiyi səbatsız siyasətlə faktiki olaraq
Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü
retuş etmiş oldu. Verilən hər bəyanatda,
atılan hər addımda Moskvaya boylanma, Mərkəzin
əhvalının göz önünə alınması
aşkar idi. Digər tərəfdən, 20 Yanvar Azərbaycanda
lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin
günahkarları kimdir?" sualına cavab daha çox
Azərbaycanın daxilində axtarılıb, nəinki
gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi
konyukturdan yanaşma dünyanın gözündə
bu hadisənin mahiyyətini kiçiltdi. Əksər
ölkələr 20 Yanvarın Azərbaycandakı
daxili siyasi mübarizənin, hakimiyyət davasının
nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq
birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən
1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə
müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı
ilin Yanvar hadisələri Moskvanın hanısısa
ekstremist qüvvələri zərərsizləşdirmək
və guya dinc əhalini qırğınlardan, xaosdan
qorumaq üçün atdığı məcburi addım
kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin
bivec və qorxaq siyasəti üzündən 20 Yanvar
nəinki beynəlxalq, hətta ittifaq müstəvisində
(SSRİ-nin mövcud olduğu dövrdə) də
layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.
20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı
addımlar cəsarətsizlik və siyasi təslimçilik
nümayişi idi. O vaxt Azərbaycan xalqı adından
Bakıdan verilən yegənə etiraz bəyanatı
Şeyxülislam Allahşükür Paşazadə
tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə,
habelə BMT-yə, dünya dövlətlərinə
ünvanlanan və kəskinliyi ilə seçilən
bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə
görə günahın bilavasitə Kremlin və
M.Qorbaçovun üzərinə düşdüyü
vurğulanırdı. Həmin günlər Azərbaycan
xalqı adından ən ciddi bəyanatı isə
Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə
imperiyanın mərkəzində, dünyanın onlarla
KİV təmsilçisinin qarşısında verilən
bu bəyanat böyük rezonans doğurdu.
SSRİ-nin digər bölgələrində, o cümlədən
Tbilisidə və Baltikyanı respublikalarda baş
vermiş hadisələr sovet rəhbərliyi, xalq
deputatları səviyyəsində müzakirə
edilsə də, 20 Yanvar hadisələri şüurlu
şəkildə təhrif edilərək yanlış
yozuma və unutqanlığa məhkum edilmişdi.
Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti
M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş
əməliyyata yalnız bir dəfə, 1991-ci ildə,
20 Yanvarın ildönümündə Azərbaycan
xalqına başsağlığı (?) verməklə
münasibət bildirmişdi.
Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin
törətdiyi ən qanlı terror aktları sırasında
20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət
və insanlıq əleyhinə törədilmiş
dəhşətli əməl idi. Dinc əhaliyə
qarşı həyata keçirilən cəza tədbirləri
zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının,
Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin,
Beynəlxalq İnsan haqları Bəyannaməsinin,
insan haqlarına dair digər beynəlxalq aktların
çoxsaylı müddəaları pozulmuşdu. Bu
məqamlar 20 Yanvar hadisələri ilə bağlı
aparılmış ən səthi təhqiqatlarda da
təsdiqlənir. Onları bir araya gətirib dünyanın
diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq
müstəvidə 20 Yanvar barəsində gərəkən
rəyin formalaşmasına nail olmalıyıq. 20
Yanvar Azərbaycan xalqının tarixində təkcə
qara çərçivədə anılası gün
olmamalıdır. Biz bu günün gerçək önəmini
onun hüzn və şərəfi ilə birgə
yaşamalıyıq. Ən önəmlisi isə
bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına
qarşı məqsədli qırğın, soyqırımı
kampaniyasının bir halqası olduğunu dünyaya
tanıtdırmağı bacarmalıyıq. Ona görə
yox ki, dünya da bizim hüznə şərik olub
matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın
və azərbaycanlıların tarixini olduğu kimi
dərk etsin. Bu aksiyanın Azərbaycan üçün,
onun beynəlxalq imici üçün heç də
formal olmayan əhəmiyyəti var...
Qanlı tarix İllər, əsrlər ötsə
də, bu söz dəyişməyəcək. Bu,
həqiqətən də Azərbaycanın salnaməsinə
yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar".
Yığıncaqlar, mitinqlər... Uzun illərin
sovet imperiyası boyunduruğundan azad olmaq istəyi...
İnsanlarda sanki bir inam, stimul yaranmışdı...
Axşam saat 9-dan sonra şəhərin küçələrində
şütüyən maşınlardakı meqafonla
insanları - vətənini sevənləri XI Qızıl
Ordu meydanına çağırırdılar. Hamı
axın-axın yalnız bir səmtə - Biləcəri
yoluna tərəf axışırdı. Lakin sadə
insanların heç biri təsəvvürünə
belə gətirə bilməzdi ki, "möhtəşəm"
sovet əsgəri - tankı, hərbi texnikası Bakı
nefti ilə təmin olunan ordu əliyalın xalqa silah
tuşlayar, atəş açar...
Faciə törədildi, günahsız insanlar şəhid
oldular...
Heç zaman unudulmayacaq o gündən 18 il keçməsinə
baxmayaraq, hərdən düşünürəm:
görəsən, insanlar belə bir dəhşətli
faciənin törədiləcəyini bilsəydilər,
yenidən küçələrə axışardılarmı?
Bunun cavabını elə o dövrdə - şəhidlərin
dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq,
Azadlıq meydanından Dağüstü parka, indiki
Şəhidlər xiyabanınadək uzanan insan axını,
qorxu, hürkü bilməyən izdiham vermişdi.
O gün gecənin zülmətindən istifadə
edən "şücaətli" rus əsgəri yurddaşlarımızın
əzəmətindən qorxub gizlənmişdi. O
gün Moskvada matəm saxlayan Heydər Əliyevin
etiraz səsi bütün dünyaya yayıldı.
O gün heç kəs başını aşağı
əymədi. Biz şəhid verdik, lakin qalib gəldik.
Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!"
sədası göylərə qalxdı. Biz o azadlığı
qanımız bahasına əldə etdik... Elə
bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız,
yalqız qalsın. Dövlət başçımızın
görüşünə gələn xarici qonaqlar
da buranı ziyarət edir, şəhidlərin şərəfinə
yandırılan əbədi məşəl qarşısında
baş əyirlər. Axı nə idi o qocaların,
körpələrin günahı?!
İndi nəyin bahasına olursa-olsun biz hamımız
azadlığımızı qorumalıyıq. Budur
bizim şəhidlər qarşısında müqəddəs
borcumuz!
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi,
müstəqilliyi, azadlığı, firavan gələcəyi
uğrunda axıtdığınız qan hədər
getməyib.
Hər birimiz Şəhidlər xiyabanına gedərkən
içərimizdə xəfif titrəyiş hiss edirik.
Oradan qayıdanda isə bu titrəyiş qürur
hissi ilə əvəz olunur. Başqa cür ola da
bilməz!
Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq!
Hər bir şəhid - istər yaşlı, istər
gənc, istərsə də körpə - bizim hər
birimizin vüqarıdır. Gəlin vüqarlı
olaq! |