“Şit” təşkilatı ekspertlərinin
hesabatından:
-adamları xüsusi qəddarlıqla və yaxın
məsafədən güllələmişlər.
Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova
10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
-xəstəxanalar, “təcili yardım” maşınları
atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir.
Onların arasında hər iki gözü tutulmuş
B.Yefimtsev də var;
-“Kalaşnikov” avtomatının ağırlıq
mərkəzi dəyişən 5,45 çaplı güllələrindən
istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar,
qadınlar, qocalar, şikəstlər də var idi.
Qorbaçovun və ətrafındakıların “millətçi
ekstremistlər” adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya
Bakıda törədilmiş dəhşətli qırğından
xəbər tutdu. Amma görün, o vaxtkı sovet
imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti
22 yanvar tarixli nömrəsində nə yazırdı:
“Fövqəladə vəziyyət elan edilməsi
üçün görülmüş tədbirlər
nəticəsində guya qadınlar və uşaqların
tələf olması barədə bəyanatlar aşkar
fitnəkar xarakter daşıyır. Bir daha təkrar
etmək lazımdır ki, bu, qərəzli yalandır!
Ondan məqsəd əhalini sovet ordusuna və hüquq
mühafizə orqanlarına qarşı qaldırmaqdır”...
Qorbaçovun qısqanclığı və ermənilərin
fitvası ilə 1987-ci ildə Sovet İttifaqının
rəhbərliyindən uzaqlaşdırılan, lakin
bundan sonra da Moskvanın təqib və təzyiqlərinə
məruz qalan Heydər Əliyev Bakıda törədilən
faciənin ertəsi günü - yanvarın 21-də
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəlib mətbuat konfransı keçirdi və kəskin
bəyanatla çıxış edərək, sovet
rəhbərliyinin Azərbaycan xalqına qarşı
təcavüzünü açıq şəkildə
pislədi. Ancaq təəssüf ki, Azərbaycanın
o vaxtkı rəhbərləri tamamilə əks mövqe
tutmuşdular və hələ də gözləri
Moskvada idi...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki
faciəli hadisələr XX əsr boyu xalqımıza
qarşı yeridilən düşünülmüş
siyasətin növbəti təzahürü idi. Azərbaycan
xalqına qarşı soyqırımı, sovet hakimiyyəti
illərində Azərbaycan ərazilərinin tədricən
ilhaq olunması, nəticədə ölkənin ərazisinin
125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək
azalması, sovet rəhbərliyinin havadarlığı
ilə başlayan Dağlıq Qarabağ hadisələri,
azərbaycanlıların Ermənistan ərazisindəki
əzəli torpaqlarından qovulması bu siyasətin
mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər
faciəli olsa da, Azərbaycan xalqının iradəsini,
milli azadlıq uğrunda mübarizə əzmini qıra
bilmədi. Həmin müdhiş gecədə həlak
olan vətən oğulları Azərbaycanın tarixinə
parlaq səhifə yazdılar, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açdılar...
Azərbaycan dövlət müstəqilliyini əldə
etdikdən sonrakı ilk illərdə başları
hakimiyyət uğrunda mübarizəyə qarışmış
respublika rəhbərləri 20 Yanvar qırğınına
siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların
müəyyən edilməsi istiqamətində məqsədyönlü
iş aparmadılar. Yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev yenidən siyasi
rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü
ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi
qiymət verildi, faciənin günahkarlarının
adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən
birində hər bir azərbaycanlı üçün
müqəddəs and yerinə çevrilmiş bir
yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın
hərbi təcavüzünə qarşı döyüşlərdə
həlak olanların dəfn edildiyi Şəhidlər
xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə
insan buranı ziyarət edir, Vətənin azadlığı
və suverenliyi uğrunda canlarından keçmiş
Azərbaycan oğul və qızlarının əziz
xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək,
lakin Vətən oğullarının xatirəsi ürəklərdə
əbədi yaşayacaqdır.
|