Artıq 18-ci qışdır ki, Azərbaycan xalqı
bu hadisəni dərin hüzn içərisində
qarşılayır, müstəqilliyimiz yolunda canlarını
fəda etmiş insanların xatirəsini böyük
hörmətlə yad edirlər.
Yəni Azərbaycanın qan yaddaşında "20 yanvar"
faciəsi silinməz iz buraxmış faciələrdəndir
və neçə illərdir ki, məlum hadisənin
baş verməsi ətrafında gedən müxtəlif
söhbətlər, yürüdülən fikirlər
həmişə diqqət mərkəzində olub.
Bəli, o vaxt azadlığını tələb
edən xalqımız imperiya boyunduruğundan qurtulmaq
üçün başdan-ayağa silahlanmış
məkrli bir ordunun üzərinə yeriyib öz haqqını
tələb edirdi. İmperiya isə xalqın bu tələbini
beşiyində boğmaqdan ötrü bütün
iyrənc üsullara əl atdı. Təəssüf
ki, bu məsələdə özümüzdən
olan bəzi naqis, nankor adamlar da onlara öz yardımlarını
əsirgəmədilər. Elə hadisənin kütləvi
insan qırğını ilə nəticələnməsinin
səbəblərindən biri də budur. Düzdür,
çox vaxt azadlığa nail olmaq qansız, qurbansız
ötüşmür. Lakin heç olmasa daxili xəyanətkarlıqlar
olmasaydı, bəlkə də bu qədər itkilərə
məruz qalmazdıq.
Gəlin, öncə faciənin başlıca səbəbkarlarını,
günahkarlarını nəzərdən keçirək.
Təbii ki, burada əsas təqsirkarlar sırasında
keçmiş SSRİ rəhbərliyində təmsil
olunan adamlar idi. Başda Qorbaçov, Primakov, Yazov, Rıjkov
və s. olmaqla imperiyanın məlum səlahiyyətliləri
sözügedən cinayətə imza atanlardır.
Onların cinayətinə şərik çıxaraq
dəstək verənlər arasında isə Azərbaycanın
o vaxtkı birinci katibi Əbdürrəhman Vəzirov
və onun əsabələri də vardı. Beləliklə,
bütün bu canilər əlbir, dilbir olub qanlı
olayın cərəyan olunmasına göstəriş
verdilər. Vəzirov hansı qələti etdiyini
və xalqın qəzəbinə tuş gələcəyini
yaxşı anladığından, canını götürüb
qatil həmkarlarının yanına - Moskvaya qaçdı.
Bunun özü onun faciənin törənməsində
nə dərəcədə günahkar olmasına
başlıca faktorlardan biri idi. Baxmayaraq, onun tərəfdarları
həmişə çalışıb ki, Vəzirovu
təmizə çıxarsınlar. Lakin baş cinayətkar
Qorbaçov müsahibələrinin birində bildirmişdi
ki, əgər Azərbaycan rəhbərliyindən
çağırış olmasaydı, onlar Bakıya
qoşun yeritmək xəyalına düşməzdilər...
Yəni istər vəzirovlar, istər qorbaçovlar
olsun, hamısı özünü quruya çıxarmaqdan
ötrü dəfələrlə cəhdlər göstərmiş,
günahları bir-birinin üstünə atmışlar.
Ancaq nədənsə heç kim 1990-cı ildə
SSRİ Nazirlər Kabinetinin sədri olmuş bir kəsin
- Rıjkovun 1995-ci ildə verdiyi açıqlamasının
mahiyyətinə o qədər də varmaq istəməyib.
Qeyd edək ki, bu adam (Rıjkov) həmin il verdiyi açıqlamasında
Azərbaycanın sabiq rəhbəri Vəzirovla razılaşma
əsasında Bakıya qoşun yeritmələrinin
və orduya "xüsusi göstəriş" verildiyini
bariz şəkildə bildirib. Onun əcaib məntiqinə
görə, başqa çıxış yolu görmədiklərindən
belə bir addım atmağı qət ediblərmiş...
Bu, sabiq imperiyanın aparıcı kəslərindən
olan Rıjkovun dediyi. İndi Qorbaçov, Primakov, Yazov,
Vəzirov və ilaxırlar nə qədər çalışsalar
ki, özlərini təmizə çıxarsınlar,
inandırıcı olacaqmı? Əsla yox! Çünki
əlahəzrət faktdan heç kim qaça bilməz.
Yaxşı olardı, hər kəsdə etiraf etmək
mədəniyyəti olaydı. Ancaq cinayətkarlardan
mədəniyyət gözləməyin özü
bir sadəlövhlükdür. Sadəcə olaraq,
cinayətkara öz yerini göstərməyə səy
etmək gərəkdir.
Bunlar bəlli... O dönəmdə özlərini
"azadlıq mücahidləri" kimi tanıdan şəxslərin
də faciənin kütləvi qan-qada ilə müşayiət
olunmasında rolu az olmayıb. İmperiya ordusunun hansı
xislətdə olduğunu gizlətməklə onlar
əliyalın insanları top-tüfəngin, tankların
qabağına sürüklədilər. Bəlkə
həqiqət gizlədilməsəydi, xalq mübarizənin
başqa yolunu arayar, müdafiəni təşkil edər,
yaxud hansısa vasitələrlə adekvat cavab verməyə
çalışardı. Onlar isə insanları aldatdılar,
obyektiv gerçəkliyin nədən ibarət olduğunu
dandılar. Və son anda aradan çıxdılar.
Həmin gecə (19-dan 20-nə keçən gecə
- Ə.) kiminin sədası yeyib-içmək məclisindən,
kiminki də arvadının yanından gəldi...
Sonra sözügedən siyasi dələduzlar arsız-arsız
hər şeydən xəbərsiz olduqlarını,
heç kimə göstəriş vermədiklərini,
kimsəni harasa səsləmədiklərini bildirdilər.
Adamı yandıran odur ki, belələrinin bir parası
bu gün də xalqın başında "qoz sındırmaq"
niyyətindən əl götürmür. Ambisiyalarından,
avantüralarından kənarlaşmaq barədə
fikirləşmək belə istəmirlər. Ancaq
"el gözü tərəzidir" deyiblər. Artıq
bu tip siyasi macəraçılara heç kim taleyini
etibar etməyəcək, nə də ki, onlara meydan
verməyəcəklər. Siyavuş Novruzov demişkən;
xalq bu cür siyasətçiləri çoxdan öz
qəlbində dəfn edib, onlar artıq siyasi ölüdürlər.
Lakin Azərbaycanın ləyaqətli övladları
faciəni törədənləri hər zaman lənətləmiş,
cinayətkarların cəzalandırılması istiqamətində
yorulmadan iş aparıblar. Belə şəxsiyyətlərdən
biri və birincisi ümummilli liderimiz, eks-prezident Heydər
Əliyev olub. H.Əliyev hələ Moskvada yaşayarkən,
həyatını böyük təhlükə altında
qoyaraq, hadisənin səbəbkarlarına kəskin
etirazını bildirmiş, onlara cinayət işi
qaldırılması tələbini irəli sürmüşdü.
Həmçinin imperiyanın başında duranların
əleyhinə Rusiyanın paytaxtında möhtəşəm
mitinq təşkil etməklə Azərbaycan xalqının
haqq səsini bütün dünyaya çatdırmağa
nail olmuşdu. H.Əliyev Azərbaycanda siyasi hakimiyyətə
ikinci dəfə qayıdışından sonra da
yanvar faciəsini törədənlərin ədalət
məhkəməsi qarşısında cavab verməsi
üçün əlindən gələni etmiş,
hadisənin beynəlxalq ictimaiyyət tərəfindən
tanınması və hüquqi qiymət almasından
ötrü vacib olan bütün prosedurların yerinə
yetirilməsinə çalışıb. İndi,
sadəcə azadlıq qatillərini məsuliyyətə
cəlb etmək üçün müntəzəm
şəkildə beynəlxalq məhkəmələr
qarşısında iddialarla çıxış etmək
lazımdır. Bununla 20 yanvar şəhidlərinin
həm ruhunu şad edər, həm də borclarını
qaytarmış olarıq. Və inanırıq ki,
heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar,
vəzirovlar tarixin haqq divanı önündə cavab
verəcəklər. Allah şəhidlərimizə
rəhmət, düşmənlərimizə lənət
etsin!
|