Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

Konqresmen Səm Farr: Qara Yanvar hadisələrinə diqqət artırılmalıdır

1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş Qanlı Yanvar hadisələri lazımi qədər diqqət qazanmamışdır.

Bu sözləri ABŞ konqresmeni Səm Farr Azərbaycan icmasının üzvlərinə məktubunda yazmışdır. Onun fikrincə, tarixin Qara Yanvar kimi məqamlarını xatırlamaq hazırda açıq və azad cəmiyyətlər qurmağa çalışan beynəlxalq icma üçün vacibdir. Çünki Qara Yanvar hadisələrində olduğu kimi, məhz belə məqamlarda cəsur insanların iradəsi tarixin axarını dəyişir və qlobal irəliləyişə gətirib çıxarır.

Konqresmen Farr qeyd etmişdir ki, Sovet İttifaqının süqutu ərəfəsində imperiya qüvvələri tərəfindən 20 Yanvar hadisələri zamanı Azərbaycanda azadlıq hərəkatı amansızcasına basılmış, nəticədə 170 mülki şəxs qətlə yetirilmiş, 321 nəfər itkin düşmüş, 700-ə yaxın insan isə yaralanmışdır.

Amerika qanunvericisi ölkənin Azərbaycan icması üzvlərinə bu fəlakəti unutmamaq və qurbanların xatirəsini hər il yad etmək səylərinə görə minnətdarlığını bildirmişdir.