Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirir, şəhidlərin xatirəsini ehtiramla yad edir, yaşadıqları ölkələrin ictimaiyyətinə, digər xalqların diaspor təşkilatlarına bu qanlı faciə barədə ətraflı məlumatlar verirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, 20 Yanvar faciəsi, onun mahiyyəti barədə materialların icma və birliklərimizin nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eləcə də xarici ölkə mətbuatında işıqlandırılması təmin olunacaqdır.
HOLLANDİYA. 20 Yanvar faciəsinin 20–ci ildönümü ilə əlaqədar Bünilüks Azərbaycanlıları Konqresi yanvarın 19-20-də Amsterdam, Den Haaq və Hollandiyanın digər şəhərlərdə anma mərasimləri keçirəcəkdir.
ÖZBƏKİSTAN. Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Nəvai vilayətlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimləri keçirəcəkdir.
QAZAXISTAN: Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Astana və Almatı şəhərlərində, ümumilikdə ölkənin 14 vilayətində anma tədbirləri təşkil edəcəkdir. Faciənin ildönümü ilə bağlı vilayətlərdəki mədəniyyət mərkəzlərinə təbliğat materialları göndərilmişdir.
RUSİYA FEDERASİYASI. Qanlı Yanvar faciəsi şəhidlərinin xatirəsi, hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaqdır. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcəkdir. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-Ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edirlər. Ümumrusiya Azərbaycanlıları Konqresi Murmansk bölməsinin ofisində Qara Yanvar hadisələrinin 20 illiyi ilə əlaqədar fotostendlər, kitab sərgiləri təşkil edir, şəhidlərin ruhuna dualar oxuyur, Bakıda baş vermiş qanlı hadisələrdən bəhs edən sənədli filmlər göstərirlər.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcəkdir.
UKRAYNA. Kiyev şəhərindəki Müəllimlər Evində Ukrayna Azərbaycanlıları Konqresinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” kitabının təqdimatı olacaqdır. Konqresin Xarkov, Donetsk, Dnepropetrovsk və digər bölgələrindəki regional qurumları da anma tədbirləri keçirəcəklər.
BELARUS. Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə keçirəcəkləri tədbirlərlə yad edəcəklər. Anma mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcəkdir.
20 yanvar faciəsinin 20-ci ildönümünü Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar.
ESTONİYA. Tallinndə “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi toplantıda 20 Yanvar faciəsinə həsr olunmuş fotoşəkillər sərgilənəcək, film nümayiş etdiriləcəkdir.
LİTVA. Litva Azərbaycanlıları Cəmiyyəti də 20 yanvar hadisəsinə aid faktları və reallıqları bu ölkənin ictimaiyyətinin nəzərinə bir daha çatdıracaqdır.
LATVİYA. Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi də 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcəkdir. Yanvarın 20-də Riqadakı “Azadlıq” heykəlinin önündə yüzdən çox soydaşımızın iştirakı ilə anma mərasimi təşkil olunacaqdır. Abidə önünə əklil qoyulacaq, güllər düzüləcəkdir. Daha sonra “Ocaq” Mədəniyyət Mərkəzinin Gənclər təşkilatının təşəbbüsü ilə “Qara yanvar faciəsinin 20-ci ildönümü hər zaman yaddaşlarda” adlı anma saatı keçiriləcəkdir. Tədbirdə mərkəzin fəal gənclərinin və tələbələrin təşəbbüsü ilə hazırlanmış film nümayiş etdiriləcəkdir.
Tədbirə Latviyanın müxtəlif ali təhsil məktəblərindən tələbələr də dəvət olunmuşlar.
İSVEÇ. İsveçin Stokholm şəhərində fəaliyyət göstərən İsveç -Azərbaycan Federasiyası yanvarın 20-də qanlı faciənin 20-ci ildönümünə həsr olunmuş seminar keçirəcəkdir.
20 Yanvar qətliamının 20-ci ildönümü ilə əlaqədar daha bir anma tədbirini Stokholmda “Azərbaycan Naminə”, “Odlar Yurdu”, “Vətən” və “World Azərbaycan” cəmiyyətləri birgə təşkil edəcəklər.
BÖYÜK BRİTANİYA. Böyük Britaniyadakı “Azərbaycan Evi” Londonda Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə, həmçinin İspaniyanın Lundarqata şəhərində İslandiya-Azərbaycan “Azəri” cəmiyyəti bu faciənin 20-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd edəcəklər.
ALMANİYA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) icraçı direktoru Samirə Patzer İsmayılovanın verdiyi xəbərə görə, Almaniyada da 20 yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər nəzərdə tutulmuşdur.
Yanvarın 19-da Berlində AAKM-ın “Avroqafqaz” cəmiyyəti ilə birlikdə keçirəcəyi anma tədbirində qanlı hadisənin şahidləri də iştirak edəcək, faciədən bəhs edən sənədli film göstəriləcəkdir.
Yanvarın 20-də isə AAKM Alman-Azərbaycan Forumu ilə birlikdə Heilig-Kreuz kilsəsində alman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə anma mərasimi təşkil edəcəkdir. Mərasim Azərbaycan bəstəkarlarının orqan üçün bəstələdiyi əsərlərdən ibarət matəm konserti ilə davam edəcəkdir.
Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin üzvləri də Berlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anacaqlar.
“Maynts Azərbaycan Cəmiyyəti”nin Frankfurt Azərbaycan Cəmiyyəti ilə birgə keçirəcəyi anma mərasimində 20 Yanvar faciəsi ilə bağlı qonaqlara ətraflı məlumat veriləcəkdir. Hamburqdakı Türk Mərkəzində Alman-Azərbaycan Dostluq Cəmiyyətinin və Türk Mədəniyyət Cəmiyyətinin birlikdə təşkil eedəcəkləri mərasimdə 20 Yanvar faciəsinə, onun mahiyyətinə bir daha nəzər salınacaqdır.
Alman-Azərbaycan Cəmiyyətinin Drezden şəhər inteqrasiya şöbəsi ilə birlikdə bu şəhərdə təşkil edəcəyi anım tədbirində də faciəni əks etdirən sənədli film nümayiş olunacaq, qanlı hadisənin tarixi barədə tədbir iştirakçılarına məlumat veriləcəkdir.
KANADA. 20 Yanvar faciəsi ilə əlaqədar Kanada Azərbaycan Təşkilatları Assambleyası (KATA) Toronto, Monreal, Ottava və Edmonton şəhərlərində anma mərasimləri keçirəcəkdir.
ABŞ. Nyu-York şəhərindəki “Amerika Azərbaycanlıları Cəmiyyəti” və Los - Ancelesdəki “Amerika-Azərbaycan Şurası” da 20 Yanvar faciəsini yad edəcəklər.
TÜRKİYƏ. Faciənin 20-ci ildönümü Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunacaqdır.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADF) üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Bakıkesir, Muğla, Qars, Antalya, Adana, Hatay və digər şəhərlərdə anma tədbirləri keçirəcək, mətbuat konfransları təşkil edəcək, yerli televiziya, agentlik və qəzetlər üçün mətbuat açıqcaları yayacaq, 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliam haqqında materiallar dərc etdirəcəklər.
20 Yanvar faciəsinin mahiyyətini mətbuat konfransları və bu ölkənin mətbuatında çıxış etməklə bir daha Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmağı önəmli sayan TADF rəhbərliyi Federasiyanın Ankaradakı mərkəzi ofisində qanlı yanvardan bəhs edən fotosərgi təşkil edəcəkdir.
Anma tədbirlərinə Türkiyədə təhsil alan tələbələr də qatılacaqlar. Qeyd edək ki, artıq Türkiyədə nəşr olunan “Kocaeli” qəzetinin 2010-cu il 16 yanvar sayında TADF sədri, bu qəzetin köşə yazarı Bilal Dündarın 20 Yanvar faciəsindən bəhs edən “Azərbaycanın həm matəm, həm də qürur günü” başlıqlı məqaləsi dərc olunmuşdur.
GÜRCÜSTAN. Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” 20 Yanvar faciəsi ilə bağlı anma tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil edəcəkdir. Elə həmin gün “Qeyrət” xalq hərəkatı Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsini yad edəcəkdir. Marneulidə keçiriləcək digər anma tədbiri isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr etdiyi elmi-praktiki konfrans olacaqdır.
Gürcüstan Azərbaycanlıları Konqresi Tbilisidə “20 Yanvar Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir” mövzusunda “dəyirmi masa” və elmi-praktiki konfrans təşkil edəcəkdir.
İSRAİL. Yanvarın 19-da Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) bu ölkənin Akko şəhərində yerləşən “Qafqaz klubu”nda anma tədbiri keçirəcəkdir.
Budapeştdə fəaliyyət göstərən “Macar-Azərbaycan Dostluq Cəmiyyəti”, Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası, Kişinyovda Moldova Azərbaycanlıları Konqresi, Praqada “Azər-Çex” Cəmiyyəti də ölkəmizin bu ölkələrdəki səfirlikləri ilə birgə Qanlı Yanvar qurbanlarının xatirəsini ehtiramla yad edəcəklər.
|