Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaqdır

Bakı, 17 yanvar. AMEA Kimya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA-dan bildirmişlər ki, tədbiri giriş sözü ilə açan institutun həmkarlar ittifaqı təşkilatının sədri, professor Arif Əfəndi xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan 20 Yanvar hadisəsindən 24 il ötdüyünü, şəhidlərin ruhunun daim xalqımızın qəlbində yaşayacağını söyləmişdir. Qeyd etmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğurunda mübarizə əzmini qıra bilməmiş, Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır.

İnstitutun gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, kimya üzrə elmlər doktoru Elza Salahova və kimya üzrə fəlsəfə doktoru Süleyman Verdiyev 20 Yanvar həqiqətlərindən danışmış, hadisənin mahiyyətindən söz açmışlar. Əminliklə vurğulamışlar ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.