Bakı, 16 yanvar . Yanvarın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AzTU-nun mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin rektoru, professor Havar Məmmədov tarixdə misli görünməmiş bu faciənin baş verməsi səbəblərindən və ağır nəticələrindən danışmışdır. Qeyd olunmuşdur ki, erməni millətçilərinin Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddialarına etirazını bildirmək məqsədilə küçələrə çıxan əliyalın insanların üzərinə təpədən-dırnağadək silahlanmış sovet qoşun hissələrinin yeridilməsi, onların gülləbaran edilməsi dəhşətli faciəyə səbəb olmuşdur.
Rektor vurğulamışdır ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, onun azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın qan yaddaşına dəhşətli faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, qəhrəmanlıq tariximizin şanlı səhifələrindəndir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdir. Əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırmışdır. Həmin gecə Azərbaycan xalqı yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmişdir.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılmış, bu faciə hərbi təcavüz və cinayət kimi siyasi-hüquqi qiymətini almış, onun təşkilatçılarının cəzalandırılması tələb edilmişdir.
AzTU-nun professoru, Milli Məclisin deputatı Astan Şahverdiyev, dosent Əyyub Kərimov bildirmişlər ki, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətə malik 20 Yanvar istiqlal tariximizin şərəfli səhifələrindəndir. Natiqlər əminliklə vurğulamışlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan Respublikası tezliklə ərazi bütövlüyünü tam təmin edəcəkdir.
Sonda tələbələr 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
|