Respublikanın şəhər və rayonlarında silsilə tədbirlər keçiriləcək
Prezidentinin İcra Aparatının rəhbərinin sərəncamıyla "20 Yanvar faciəsinin 19-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.Daxil olan məlumata görə, Tədbirlər Planında respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-də, eləcə də televiziya kanallarında və internetdə 20 Yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulur.
Tədbirlər Planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, yanvarın 19-da bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, dünya ictimaiyyətinin diqqətini yenidən bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, həmçinin Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlər görüləcək. Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanılıb.
|